Çin səlahiyyətliləri aprelin 28-də bildiriblər ki, ölkə iqtisadiyyatı Donald Trampın tarif müharibəsindən asanlıqla xilas olacaq və vətəndaşlar Amerika mallarının yoxluğunu belə hiss etməyəcəklər.
Çinin Milli İnkişaf və İslahat Komissiyasının sədr müavini Çjao Çensin, kənd təsərrüfatı və enerji məhsullarının yerli istehsalının, eləcə də digər ölkələrdən idxalın daxili tələbatı ödəmək üçün kifayət qədər olacağını söyləyib: “Biz ABŞ-dan yemlik taxıl və yağlı bitkilər almasaq belə, bu, ölkəmizə taxıl tədarükünə çox da təsir etməyəcək”.
“Financial Times”-ın qeyd etdiyi kimi, Çin bazarının itirilməsi 2023-cü ildə Çinə 33 milyard dollarlıq məhsul ixrac edən amerikalı fermerlərə ciddi zərbə olacaq. ABŞ həmçinin Çinə təxminən 15 milyard dollarlıq neft, qaz və kömür ixrac edib.
//Samir Qurbanov, Editor.az