RU

Ukraynada Azərbaycanın əsaslı şəkildə bərpa etdiyi poliklinikadan FOTOREPORTAJ

Rusiya ilə müharibənin əvvəlində ciddi zərər görmüş Kiyev vilayətinin İrpen şəhər mərkəzi poliklinikası Azərbaycan dövləti tərəfindən əsaslı təmir olunaraq istifadəyə verilib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, akademik Zərifə xanım Əliyevanın doğum günü ərəfəsində baş tutan poliklinikanın açılışında İrpen ictimaiyyəti də iştirak edib.

Açılışda Ukraynanın baş nazirinin müavini, regional inkişaf naziri Oleksiy Kuleba, xarici işlər nazirinin müavini Oleksandr Mişenko, Ali Radanın vitse-spikeri Yelena Kondratyuk, Kiyev vilayətinin rəhbəri Mikola Kalaşnik, deputatlar, müxtəlif ölkələrin Kiyevdəki səfirləri, "SOCAR ENERGY UKRAINE"in rəhbərliyi, Azərbaycan diasporunun nümayəndələri də qatılıblar.

İştirakçılar əvvəlcə Zərifə xanım Əliyeva adına parkda, akademikin abidəsi önünə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.

Poliklinikanın açılışı zamanı Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev çıxışında bildirib ki, bu, Azərbaycan dövləti tərəfindən, "SOCAR ENERGY UKRAINE"nin iştirakı İrpen şəhərində liseyin bərpasında sonra istifadəyə verilən ikinci belə obyektdir. O qeyd edib ki, əsaslı təmir ilə yanaşı poliklinikada müasir yanğından mühafizə sistemi də quraşdırılıb. O cümlədən zirzəmisində müasir tələblərə cavab verən sığınacaq da yaradılıb. Səfir bildirib ki, Azərbaycan dövləti İrpendə daha 4 bərpa layihəsini həyata keçirməyi planlaşdırır.

Ukrayna Baş nazirin müavini Oleksiy Kuleba qeyd edib ki, İrpen, 2022-ci ildə baş verən Rusiya hücumu nəticəsində Kiyev vilayətində ən çox zərər çəkən şəhərdir: "Tammiqyaslı hücumdan və dağıntıların burada baş verməsindən üç il keçdikdən sonra İrpenin bərpası haqqında və bunun bu gün əlamətdar hadisə olduğu barədə danışırıq. Bu, dostumuz Azərbaycan dövləti sayəsində baş verir. Azərbaycan səfirliyi bu məsələdə çox fəal iştirak edir. Biz Azərbaycana bu dəstəyə görə çox minnətdarıq. İrpendə bərpa edilmiş poliklinika şübhəsiz ki, Azərbaycanın ölkəmizin yenidən qurulmasına böyük töhfəsidir. Dostlara təşəkkür edirik və əminik ki, belə dostlarla, belə tərəfdaşlarla bütün ölkəmizi yenidən quracağıq", - əlavə edib.

Ukrayna xarici işlər naziri müavini Oleksandr Mişenko isə bildirib ki, akademik Zərifə Əliyevanın ad günündə, onun xatirəsini hörmətlə yad edirlər: “Onu daim xatırlayırıq və sevirik. Azərbaycan xalqının Ukraynaya, İrpendə göstərdiyi qayğını hiss edirik. Azərbaycan dövləti və Azərbaycan Dövlət Neft Şirkətinin konkret fəaliyyəti nəticəsində İrpendə dağıdılmış poliklinikanın bərpası buna nümunədir.

Bu, hamıya çox lazım olan infrastruktur obyektidir. Bu dəstək də cənab Prezident İlham Əliyevin qəbul etdiyi qərar ilə edilib. Prezident İlham Əliyevə təşəkkür edirik".

Kiyev vilayəti rəhbəri Mikola Kalaşnik, Ali Radanın vitse-spikeri Yelena Kondratyuk və digərləri Azərbaycana belə bir vaxtda Ukraynaya humanist dəstəyi üçün minnətdarlıqlarını bildiriblər.

Избранный
12
report.az

1Источники