RU

Fransa Hindistana “Rafale M” qırıcıları tədarük edəcək

Fransanın “Dassault Aviation” şirkəti Hindistan Hərbi Dəniz Qüvvələrinə (HDQ) “Rafale M” qırıcıları tədarük edəcək.

“Poliqon” “Dassault Aviation”a istinadə xəbər verir ki, bununla bağlı Fransa və Hindistan arasında G2G (government to government – hökumətdən hökumətə) müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, Hindistan HDQ 7.4 milyard ABŞ dolları dəyərində 26 ədəd “Rafale M” qırıcısı (22-i tək, 4-ü isə tandem oturacaqlı) əldə edəcək. “Dassault Aviation” şirkəti hindistanlı pilotların təlimi və qırıcıların tədarükü ilə bağlı işləri 2030-cu ilə qədər yekunlaşdıracaq.

Qeyd edək ki, təyyarə gəmiləri üçün nəzərdə tutulan “Rafale M”lər hazırda Hindistan Hərbi Dəniz Qüvvələri tərəfindən istifadə olunan MiQ-29K və MiQ-29KUB qırıcılarını əvəz edəcək. Yeni “Rafale M” qırıcıları “INS Vikrant” (R11) və “INS Vikramaditya” (R33) təyyarə gəmilərində xidmət göstərəcək.

Bundan əvvəl 2016-ci ildə Hindistan və Fransa arasında 36 ədəd “Rafale” qırıcısının tədarükünü nəzərdə tutan 9.4 milyard ABŞ dolları dəyərində müqavilə imzalanıb. Hindistan Hərbi Hava Qüvvələri üçün sifariş edilən bu qırıcılar 2019-2022-ci illər ərzində müştəriyə təhvil verilib.

Избранный
1
poliqon.az

1Источники