Bakı, 28 aprel, AZƏRTAC
Beynəlxalq statistikaya əsasən, hər il dünyada təxminən 2.8 milyon insan iş yerlərində baş verən bədbəxt hadisə və peşə xəstəlikləri səbəbindən həyatını itirir. Bu, hər gün təqribən 7500 insan itkisi deməkdir. Əmək mühafizəsi sahəsində önəmli hadisə olan və 1905-ci ildə imzalanan ilk kollektiv müqavilə işçi və işəgötürən arasında münasibətlərin rəsmi və qarşılıqlı razılaşma əsasında tənzimlənməsinə təkan verdi. O gündən bu günə kollektiv müqavilələr yalnız hüquqi sənəd deyil, sosial dialoqun təməl sütununa çevrilib
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunan “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxış edərkən deyib.
M.Musayev bildirib ki, hazırda ölkəmizdə 9 minə yaxın müəssisədə kollektiv müqavilələr mövcuddur və bu sənədlər vasitəsilə minlərlə işçinin hüquqları qorunur, əmək şəraiti təkmilləşdirilir: "Sevindirici haldır ki, 2024-cü ildə yeni imzalanan kollektiv müqavilələrin sayı əvvəlki illə müqayisədə 14 faiz artıb. Bu rəqəmlər bizə açıq şəkildə göstərir ki, əməyin mühafizəsi təkcə sosial məsələ deyil, bu, milli təhlükəsizlik və davamlı inkişaf məsələsidir”.
O qeyd edib ki, 2025-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında əmək müqavilələrinin ümumi sayı təxminən 1,9 milyon nəfər təşkil edib. Onlardan 900 min nəfəri dövlət sektorunda, 1 milyon nəfəri isə özəl sektorda fəaliyyət göstərir. Cari il martın 1-i tarixinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artaraq 1043,6 manat təşkil edib.
“Bu gün Azərbaycan iqtisadiyyatı modernləşmə, rəqabətədavamlılıq və innovativ yanaşmalarla yeni mərhələyə qədəm qoyub. Müasir biznes mərkəzləri, sənaye zonaları və texnoparkların inkişafı ilə paralel olaraq, insan kapitalı, kadr potensialı və əmək resurslarının səmərəli idarə olunması məsələləri ön plana çıxır. Dövlət başçısının “Neft kapitalını insan kapitalına çevirmək” strateji baxışının davamı kimi ölkəmizdə həyata keçirilən islahatlar əməyin dəyərini artırır, işçi qüvvəsinin bilik və bacarıqlarını yüksəldir, eləcə də təhlükəsiz əmək mühitinin formalaşdırılmasını dövlət siyasətinin ayrılmaz hissəsinə çevirir", - deyə M.Musayev əlavə edib.