"Yeddi təpə üzərindəki şəhər dağılacaq və dəhşətli hakim öz xalqını mühakimə edəcək..."
Sonuncu pontifikin dövründə böyük fəlakətlər baş verəcək, Roma dağılacaq və papalıq sona çatacaq.
Moderator.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.
Nəşr qeyd edir ki, dünyadakı katoliklər 88 yaşında vəfat edən Papa Fransiskin ölümünə yas tutarkən, Vatikanda onun varisini seçmək üçün konklava hazırlıqlar gedir.
Lakin bu günlərdə inanclı insanlar və tədqiqatçılar arasında 400 ildən çox əvvəl yazılmış müəmmalı "Papalar peyğəmbərliyi" yenidən xatırlanır.
Söhbət 1595-ci ildə benediktli Arnold de Viyon tərəfindən yazılmış və Arma arxiyepiskopu Müqəddəs Malaxiyanın görmələrinə əsaslanan kitabdan gedir. Kitabda 1143-cü ildə taxta çıxmış II Çelestin dövründən indiyədək hər bir Papanı təsvir edən latınca ifadələr sıralanır.
Sonuncu qeydlər xüsusilə narahatlıq doğurur: burada "Roma sakini Pyotr"dan bəhs edilir və o, sonuncu pontifik olacaq. Onun dövründə böyük fəlakətlər baş verəcək, Roma dağıdılacaq və papalıq sona çatacaq. Peyğəmbərlik belə bitir: "Yeddi təpə üzərindəki şəhər dağıdılacaq və dəhşətli hakim öz xalqını mühakimə edəcək".
Bu qorxuları artıran səbəblərdən biri də odur ki, hazırda Papa kürsüsünə əsas namizədlər arasında üç nəfər "Pyotr" adlı kardinal var. Əvvəllər bəzi adamlar bu peyğəmbərliyi Papa Fransisk ilə əlaqələndirməyə çalışıb, buna onun ailə adı Covanni di Pyetro di Bernardone əsas verib. Lakin alimlərin çoxu bu bənzərliyin təsadüfi olduğunu düşünür.
Bu peyğəmbərliklə yanaşı, XVI əsrdə yaşamış Nostradamusun öncədən verdiyi bəzi xəbərlər də yada salınır. O, şeirlərində "çox qoca pontifikin" ölümü, katolik kilsəsinin mövqeyinin zəifləməsi və "böyük kral" və cavan varislə əlaqəli yeni Papanın seçiləcəyinə işarə edib.
Qarşıdakı qaranlıq proqnozlara baxmayaraq, tədqiqatçıların əksəriyyəti bu cür peyğəmbərliklərə ehtiyatla yanaşmağı və onları hərfi mənada qəbul etməməyi tövsiyə edir.
Daha öncə xəbər verildiyi kimi, Papa Fransiskin ölümündən sonra Katolik Kilsəsinin yeni rəhbərinin seçilməsi məsələsi dünyada geniş müzakirə olunur. Hazırkı vəziyyətə görə, istifadəçilər arasında ən çox ehtimal edilən namizəd Vatikanın dövlət katibi Pyetro Parolin hesab olunur.