Zaman-zaman fərqli adlandırılsa da, mahiyyəti dəyişməyən tarixi İpək yolu “Bir kəmər, bir yol” layihəsinin strateji həlqəsi olaraq Azərbaycan Çin üçün qitələrarası nüfuzun artması baxımından həmişə cazibədar olub. Hələ 1990-cı illərdən Qara dənizlə Xəzər dənizi arasında yerləşən, Xəzərin və Mərkəzi Asiyanın enerji mənbələrinin şaxələndirilməsində mühüm rolu olan ölkə kimi Azərbaycan Çinin diqqətini hələ müstəqilliyin ilk illərindən cəlb edib. 2000-ci illərdən isə Azərbaycan həm də Cənub-Şimal və Qərb-Şərq enerji-nəqliyyat dəhlizi, strateji regionun nəqliyyat layihələrinin açar ölkəsi kimi Çinin diqqət mərkəzindədir.
Azərbaycan Prezidenti İlham Əliyevin Pekində CGTN – “China Global Television Network” telekanalına verdiyi müsahibəsi qarşılıqlı tərəfdaşlıq əlaqələrinin təkcə enerji və kommunikasiya resursları deyil, digər sahələrdə də birgə layihələrin sistemli icrası, reallaşdırılması, bir sözlə, faydalılığı haqqında idi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva söyləyib.
Y.Hacıyeva bildirib ki, Prezident İlham Əliyevin müsahibəsinin ana xəttini Azərbaycanın onilliklər ərzində inkişaf strategiyası, xarici siyasətdə inkişaf edən sabit ikitərəfli əlaqələrinin, qarşılıqlı siyasi və iqtisadi etimadın möhkəmləndirilməsi, regional və regionlararası strateji layihələrdə rolu haqqında geniş məlumatları təşkil etdi. Dövlətimizin başçısı bunların sayəsində Azərbaycanın qlobal aktor kimi rolunun artmasının, nüfuzunun möhkəmlənməsinin arayışını verdi desək yanılmarıq.
“Müsahibə sadə çinli izləyicilər üçün qədim mədəniyyətə malik müasir ölkə olan Azərbaycan və onun Çinlə münasibətlərinin əhəmiyyətinin tam təsviri idi. Onun vacib hissəsi son illər Azərbaycanla Çin arasında əməkdaşlıq və gələcək mübadilələrin zəmini kimi möhkəmlənən koordinasiyanın prioritetləri və istiqamətlərindən ibarət idi. Qeyd edim ki, belə koordinasiya özlüyündə iki ölkənin ümumi maraqlarının qorunmasına yönəlmiş səmərəli əməkdaşlığın bünövrəsini təşkil edir. Bu səfər çərçivəsində imzalanan sənədlərin icrası məhz bu prioritetlər və istiqamətlər üzrə inkişaf edəcək. İmzalanmış sənədlərə diqqət yetirsək, bu qədər geniş sahələri əhatə edən əməkdaşlıq təşəbbüslərinin Azərbaycanla Çin arasında imzalanmış Strateji Tərəfdaşlıq Haqqında Birgə Bəyannamədən irəli gələn istiqamətlər üzərində qurulduğunu görərik”, - deyə o əlavə edib.
Müsahibənin diqqətçəkən məqamlarından birinin qlobal təhlükəsizliklə bağlı məsələlər haqqında olduğunu vurğulayan Y.Hacıyeva deyib ki, bu gün müxtəlif istiqamətlərdən gələn narahatedici çağırışların çoxluğu fonunda Azərbaycan-Çin münasibətlərinin inkişafının həm Cənubi Qafqaz, həm də qonşu regionlar üçün sabitləşdirici amil rolunu oynaması haqqında gözləntilər var. Azərbaycan Prezidentinin verdiyi mesajlarda ticari aspektlər, Çinin çox geniş imkanlarının Azərbaycan üçün yeni bazar kimi dəyərləndirilməsi nüansı diqqətdən qaçmamalıdır. Çünki səfərin əsas yükü məhz bu missiya üzərindən qurulmuşdu.
Aydın məsələdir ki, münasibətlərin davamlı inkişafı, eləcə də iki ölkə arasında çoxşaxəli tərəfdaşlıq-əməkdaşlıq əlaqələrin dərinləşməsi, sadəcə, təşəbbüslə həll olunmur, burada həm də dəqiq strateji planlaşdırma və kompleks tədbirlərin işlənib hazırlanması vacibdir. Prezident İlham Əliyev müsahibədə bunun yol xəritəsinin vektorlarını elan etdi.