RU

“Çinin elm, təhsil sahəsində təcrübəsindən öncə dövlətə ziyan vuran  məmurlara qarşı mübarizə təcrübəsini öyrənməliyik...”

“Dövlət qurumlarının başında dayanan insanlar vicdanla işləməlidirlər, öz cibini doldurmaq üçün yox, dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar. Ciddi nəzarət olmalıdır - dövlət nəzarəti və ictimai nəzarət. Mən bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa, biz istədiyimizə nail ola bilmərik. 
İctimai nəzarət nə deməkdir? Vətəndaşlar daha da fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq... 
Bizim üçün böyük əhəmiyyət kəsb edən bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidirlər. Alimlər, qeyri-hökumət təşkilatları, mütəxəssislər, media nümayəndələri - onlar da bu işlərdə iştirak etsinlər ”. (Prezident İlham Əliyev )
 
Tanınmış təhsil ekpserti, ADPU-nun dosenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru İlham Əhmədovun “Çin ilə elm-təhsil əməkdaşlığına nədən başlayaq?” başlıqlı növbəti aktual mövzulu məqaləsini Moderator.az oxucularının müzakirəsinə buraxırıq:
 
“Ölkə prezidentinin dəfələrlə qeyd etdiyi kimi, ölkədə ictimai nəzarət güclənməlidir. İlk növbədə isə təhsil sistemində ictimai nəzarət güclənməlidir. Çünki təhsil millətin gələcəyidir, həm də ölkə əhalisinin 50 %-i daim bu sektorla təmasdadır. Yəni ictimaiyyətin təhsilə nəzarət imkanı daha çoxdur. Amma məktəblərin qapı-pəncərəsi ictimaiyyətin, vətəndaş cəmiyyətinin üzünə bağlıdır, səbəbi hamıya bəllidir, guya bu yolla nöqsanları gizlədirlər. Məktəblər elə qorunur ki, sanki bankdır, hərbi obyektdir, dövlət sərhədidir... 
 
Amma təhsil sisteminə hətta səthi baxanda belə bütün naqisliklər üzə çıxır, təbii ki, bu naqislikləri görmək və düzəltmək istəyi olanda. Vətəndaşlarımız prezidentin dəfələrlə etdiyi bu çağırışlara qoşulsa da, təhsil menecerləri bu çağırışa məhəl vermirlər.  Onlar ictimaiyyətin heç bir təklifinə əməl etmir, qeyd edilən nöqsanların heç birini düzəltmirlər. Prezidentin vacib xəbərdarlığını unudurlar:  “Mən bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa, biz istədiyimizə nail ola bilmərik...”
 
Sosial şəbəkələrdə, KİV-də hər gün yüzlərlə  nöqsanlar və digər xoşagəlməz  hallar barədə  silsilə  yazılar gedir, amma  aidiyyati qurumun bunlar  heç vecinə də deyil. Bu yazıların və xəbərdarlığın nə müzakirəsi olur, nə də  zəruri qərarlar  qəbul edilir, necə deyərlər, "köhnə hamam, köhnə tas"...  
 
Bunun əvəzində isə məmurlar deyir ki, alimlər, ziyalılar niyə sosial şəbəkələrdə belə fəaldırlar, buna vaxt itirirlər? Bəs ictimai nəzarət necə olsun?  Bu barədə ölkə Prezidenti  fikrini aydın bildirir:  “İctimai nəzarət nə deməkdir? Vətəndaşlar daha da fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq”...
 
Bəlkə  Elm və Təhsil Nazirliyinin(ETN)  alternativ variantı var?   Bəlkə heç ictimai nəzarətin olmasını istəmirlər, təhsildə şəffaflığın tam ləğvinə çalışırlar? 
Bu düşüncə ilə elm və təhsili bataqlıqdan xilas etmək mümkün deyil... 
 
Bəzən bu menecerlərin çıxışlarını, qərarlarını, düşüncələrini təhlil edəndə, onların xaricdə təhsil almasına ciddi şübhələr  yaranır, özləri demişkən, sanki, onlar Lökbatandan o yanda yox, bu yanda oxuyublar, özü də qiyabi. Heyf  dövlətin sərf etdiyi o böyük məbləğlərə... 
 
Məmurlar heç  Hesablama Palatasının yoxlamalarından, Maliyyə Monitorinqi Mərkəzinin nəzarətindən də çəkinmirlər. Hesablama Palatasının  təhsil müəssisələrində apardığı yoxlamaların nəticəsinə dair arayışlarda illərlə eyni nöqsanlar təkrar qeyd edilir, amma dəyişən bir iş yoxdur.  ETN-dəki dəyirman isə uzun müddətdir ki,   öz işindədir.  Zatən təhsildəki faciəli durum da bunun nəticəsidir.
 
ETN bu ərəfədə Çinin ETN ilə əməkdaşlıq barədə saziş imzaladı. Bəlkə, elm, təhsil, innovasiya sahəsində onların təcrübəsini öyrənməzdən əvvəl, Çinin dövləti zəiflədən, ona ziyan vuran  məmurlara qarşı mübarizə təcrübəsini öyrənək?   Bəlkə əvvəlcə Çinin təhsil sistemində neqativlərə qarşı mübarizə təcrübəsini öyrənək, sonra elm-təhsil təcrübəsini öyrənərik.  Əks halda  elm və təhsilə nə qədər pul ayrılsa da, bunun  heç bir xeyri, hər hansı inkişaf olmayacaqdır...
 
Maraqlıdır, Çində  təhsilin inkişafına  yönəlik elmi layihələrin və verilən qrantların mövzuları ilə  bizdəki  layihələrin mövzuları arasında yaxından-uzaqdan heç olmasa 1 % uyğunluq varmı?   Görəsən, onlar da məktəblərdə “skaut klublar”, “fotoqrafiya dərnəkləri yaratmaq” kimi absurd layihələrə  qrant verirlərmi? Heç vaxt. Çin belə  mənasız  təhsil  layihələrinə pullar sərf etsəydi,  indi dünyanın ikinci iqtisadiyyatı ola bilməzdi.  Məhz buna görə  ölkə Prezidenti qeyd edir ki: “Bizim üçün böyük əhəmiyyət kəsb edən bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidirlər. Alimlər, qeyri-hökumət təşkilatları, mütəxəssislər, media nümayəndələri - onlar da bu işlərdə iştirak etsinlər”...  
 
Prezidentin bu ideyalarına təhsil məmurları əməl etməsələr, bizdə heç vaxt normal   Çindəki kimi  elm-təhsil-innovasiya sistemi olmayacaq. Postneft erası üçün isə bu çox vacibdir...”
 
İlham Əhmədov, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, ADPU-nun dosenti. 
 
Избранный
10
moderator.az

1Источники