“NomadMania” beynəlxalq səyyah klubunun üzvləri işğaldan azad edilmiş ərazilərə sayca 13-cü səfərləri çərçivəsində Cəbrayıl rayonuna gəliblər.
Aznews.az xəbər verir ki, səyyahlar öncə rayonun Mehdili kəndi ərazisindəki minatəmizləmə sahəsində olublar.
Sahə barədə ANAMA-nın Ərazi üzrə əməliyyat rəhbəri Qadir Namazəliyev səyyahlara məlumat verib. Bildirilib ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra buradan məcburi köçkün düşən əhalinin öz doğma yurdlarına qayıtması üçün ilk olaraq ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işinə start verilib.
O da vurğulanıb ki, işğalda olduğu müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən, digər yaşayış məntəqələrində olduğu kimi, Cəbrayıl rayon mərkəzi də daxil olmaqla bütün yaşayış məntəqələrində vandalizm aktları törədilib. Ermənilər dağıdılan əraziləri pərakəndə şəkildə, heç bir qayda gözləmədən mina və partlamamış hərbi sursatlarla çirkləndiriblər.