RU

“Otokar”ın COBRA II zirehli nəqliyyat vasitələri Rumıniyada istehsal olunacaq

Türkiyənin qlobal quru sistemləri istehsalçısı “Otokar” şirkəti Rumıniyanın aparıcı müdafiə sənayesi şirkətlərindən biri olan “Automecanica S.A.” ilə birgə müəssisənin yaradılması haqqında müqavilə imzalayıb.

“Otokar”dan “Poliqon”a verilən məlumata görə, yaradılacaq birgə müəssisənin COBRA II 4×4 ATBTU zirehli maşınlarının istehsalı ilə yanaşı, mühəndislik, marketinq və satış sonrası kimi fəaliyyətləri də həyata keçirməsi planlaşdırılır.

Müqaviləyə əsasən, “Otokar Land Systems SRL” və “Automecanica S.A.” şirkətlərinin hər biri birgə müəssisədə 50%-lik paya sahib olacaqlar.

“Otokar”ın baş direktoru Aykut Özüner, “Otokar”ın Türkiyənin ən böyük quru sistemləri ixracatçısı olduğunu qeyd edərək, bu razılaşmanın şirkətin müdafiə sənayesindəki böyümə strategiyasının ən vacib addımlarından biri olduğuna diqqət çəkib: “Savunma sənayesində qlobal bir oyunçu olan Otokar, Türkiyənin ən böyük quru platforması ixracatçısına çevrilmişdir. Dünyanın müxtəlif bölgələrində, 40-dan çox ölkədə uğurla xidmət göstərən hərbi nəqliyyat vasitələrimizlə fəxr edirik.

Rumıniyada davam edən layihəmizin bir hissəsi olaraq, COBRA II nəqliyyat vasitələrimizin Rumıniyada istehsal edilməsi məqsədilə yeni ortaq müəssisə şirkətimizin qurulmasına dair atdığımız bu ilk addımı elan etməkdən məmnunluq duyuruq. Bu addım, Otokar-ın müdafiə sənayesindəki böyümə strategiyasının əsas yol daşlarından biri olacaq və şirkətin qlobal bazarlarda genişlənməsinə töhfə verəcəkdir.”

“Otokar”ın Avropadakı mövcudluğunu genişləndirdiyini vurğulayan “Otokar” şirkətinin baş direktorunun müavini Sedef Vehbi Rumıniyanın tələblərini qarşılamağa hazır olduqlarını bildirib. Onun sözlərinə görə, yaradılacaq birgə müəssisə şirkəti ilə Rumıniya “Otokar”ın Avropa fəaliyyətləri çərçivəsində strateji bir mərkəzə çevriləcək.

 

“Türkiyənin bir dəfəyə imzaladığı ən böyük quru platforması ixracat müqaviləsinə imza atmaqdan şirkətimiz və ölkəmiz adından son dərəcə qürur duyuruq. Rumıniya qarşısındakı öhdəliyimiz çərçivəsində, quru sistemləri istehsalının yerliləşdirilməsi və bu sahədə qabiliyyətlərin artırılması məqsədilə apardığımız geniş və dəqiq qiymətləndirmə prosesi nəticəsində, müdafiə sənayesində texniki yetkinliyi və istehsal qabiliyyəti ilə seçilən “Automecanica S.A” şirkətini yerli tərəfdaşımız olaraq müəyyən etdik”, – deyə S.Vehbi qeyd edib.

Öz növbəsində “Automecanica S.A” şirkətinin İdarə Heyətinin sədri Andrei Scobioala da bu əməkdaşlıqla bağlı fikirlərini bölüşüb: “Yüksək qabiliyyətlərə malik “Otokar” ilə qurduğumuz bu əməkdaşlıq çərçivəsində Rumıniya Silahlı Qüvvələrinə xidmət etməkdən və ölkə iqtisadiyyatına töhfə verməkdən böyük qürur və həyəcan duyuruq. Rumıniyanın müdafiə sənayesində yerli imkanlarının inkişafında mühüm rol oynayacaq bu layihə bizim üçün böyük əhəmiyyət daşıyır”.

Qeyd edək ki, “Otokar”, 2024-cü il martın 20-də “C.N. Romtehnica S.A.” tərəfindən elan olunan 4×4 Yüngül Zirehli Taktiki Nəqliyyat Vasitələrinin alınması tenderinə təklif verib.

Texniki dəyərləndirmə, sahə sınaqları və maliyyə qiymətləndirmələri mərhələlərinin uğurla tamamlanmasının ardından “Otokar” tenderin qalibi elan olunub və 2024-cü il noyabrın 27-də “Otokar” ilə “C.N. Romtehnica S.A.”  arasında Rumıniya Müdafiə Nazirliyinə 1.059 ədəd COBRA II 4×4 zirehli nəqliyyat vasitəsinin tədarükünə dair 4.26 milyard RON (903 milyon ABŞ dolları) dəyərində müqavilə imzalanıb.

Müqaviləyə əsasən, ilk 278 ədəd COBRA II 4×4 yüngül zirehli taktiki nəqliyyat vasitəsi Türkiyədə, qalan hissəsi isə Rumıniyada istehsal ediləcək. Tədarüklər 2025-ci ilin son rübündə başlanacaq və 5 il ərzində partiyalar halında tamamlanacaq. Müqavilə həmçinin inteqrasiya olunmuş logistik dəstək xidmətlərini də əhatə edir.

“Otokar”ın 40 ilə yaxın müdafiə sənayesi təcrübəsi və imkanları ilə dünyada 70-ə yaxın son istifadəçi tərəfindən seçilən COBRA II, müxtəlif tapşırıq ehtiyaclarına uyğun olaraq inkişaf etdirilə bilən modulyar platforma kimi layihələndirilib. COBRA II 4×4 taktiki təkərli zirehli nəqliyyat vasitəsi bu gün 13 ölkədə 20-dən çox son istifadəçi tərəfindən aktiv şəkildə istifadə olunur.

Избранный
17
poliqon.az

1Источники