RU

Texnoloji inkişaf onları da “işsiz” qoyub: Yoxa çıxacaqlar?

Azərbaycanda atların sayında azalma müşahidə edilib. 2025-ci ilin əvvəlində ölkəmizdə 49 442 baş at olub. Bu göstərici 2023-cü illə müqayisədə 3 600 baş azdır. Yəni bir ildə Azərbaycanda atların sayı təxminən yeddi faiz azalıb. 2024-cü ildə Azərbaycanda ən çox at saxlanılan iqtisadi bölgə Şəki-Zaqatala olub. Burada 6 876 baş at qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanda eşşəklərin sayında da azalma müşahidə edilmişdi. Cari ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 12 709 baş eşşək var. 2008-2025-ci illər arasında ölkədə eşşəklərin sayı dörd dəfə azalıb. Belə ki, 2008-ci ildə Azərbaycanda 47,2 min baş eşşək olduğu halda, cari ilin əvvəlində bu rəqəm 12,7 min başa düşüb.
Maraqlıdır, hər iki heyvan növünün azalmasının səbəbləri nələrdir? Azalmanın qarşısının alınması üçün hansı tədbirlər görülə bilər və ya görülməlidir?

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən bildirildi ki, artıb-azalmanı müəyyən etmək üçün reyestr aparılmalıdır: “Yəni heyvanlar identifikasiya olunmalıdır. Bu funksiyaların heç biri bizə aid deyil. Biz reyestr aparmırıq”.

Birinin əti, digərinin südü

Fermer Rəhim İsayev isə rayonlardakı mövcud durumu belə izah edir: “Həm eşşəklərin, həm də atların sayının azalmasının əsas səbəblərindən biri son zamanlar kəndlərdə dağlardan və meşələrdə ağac kəsilməsinə sərt qaydaların tətbiq olunmasıdır. Kənd sakinləri qış tələbatları üçün ağac kəsib at və eşşəklə gətirirdi, odun satırdı. Əvvəllər at və eşşək kəndlərdə yük üçün istifadə edilirdi. Məsələn, Qaxın Malax, Qaşqaçay kəndlərində, demək olar, hər qapıda at, eşşək olardı. İndi isə kənddə demək olar eşşək və at yoxdur. Həmçinin kəndlərdə örüş, otlaq sahəsi də çox azdır. Olan ərazilərdə də inəyə və qoyuna daha çox üstünlük verilir, çünki onlar daha qazanclıdır”.

R.İsayevin sözlərinə görə, həm atdan, həm də eşşəkdən çox faydalı məqsədlər üçün istifadə edə bilərik: “Bu sahə ilə məşğul olanlar yalnız atçılıq mərkəzləridir. Lakin atçılığın digər tərəflərini də inkişaf etdirməliyik. Məsələn, minilməyən atdan ət əldə etmək olur. At əti faydalıdır, proteinlə zəngindir. Bizdə çox yeyilməsə də, Azərbaycanda at ətini almaq istəyən əsas kütlə idmançılardır. Eşşək südü də çox faydalıdır. Bir litri 100 manatdan baha satılır”.

“İnsanların da seçimləri dəyişib”

Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov isə azalmanın səbəbinin texnologiyanın inkişafında və insanların bu heyvanlara olan ehtiyacının azalmasında görür: “Azərbaycanda eşşək və atların azalmasının müasir dövrün yaratdığı rahatlıqla bağlı olduğunu hesab edirəm. Bu heyvanlar uzun illər əsasən həyətlərdə təsərrüfat işlərinin görülməsi üçün saxlanılırdı. Həm də atlar nəqliyyat vasitəsi kimi də istifadə olunurdu. Kənd yerlərində insanlar hər hansı bir uzaq məsafəyə səfər edəndə atdan istifadə edirdilər. Bu gün isə avtomobil və digər texnikalara əlçatanlılıq artdığından həmin texnikalar atları və eşşəkləri əvəzləyir. Yəni insanların imkanları artdıqca, avtomobil və traktorlardan istifadənin həcmi də genişlənir. Məsələn, sovet dövründə bir kənddə sovxoz və ya da kolxoza aid 2-3 traktor var idisə, bu gün hər kənddə bu texnikaların sayı kifayət qədər artıb. O cümlədən kəndlərdə minik avtomobilləri yox dərəcəsində idisə, bu gün demək olar ki, hər həyətdə avtomobil var”.

Избранный
234
2
publika.az

2Источники