İspaniya La Liqasının 38-ci turunun “Real Sosyedad”la ev oyunu “Real”ın fransalı hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, ulduz futbolçu “qaymaqlılar”ın 2:0 hesablı qələbəsinə iki qolla töhfəsini verib.
Beləliklə, Mbappe “Real”dakı debüt mövsümündə İspaniya La Liqasında vurduğu qolların sayını 31-ə çatdıraraq, Madrid klubunun oyunçuları arasında tarixi rekorda imza atıb.
İspaniya La Liqasında debüt mövümündə vurulmuş qolların sayına görə mütləq rekord isə dünya futbolunun braziliyalı əfsanəsi Ronaldonun 1996/1997-ci illər mövsümündə “Barselona” ilə müəyyənləşdirdiyi 34 qoldan ibarət nəticədir.
Müvafiq göstərici üzrə ilk dördlüyü təqdim edirik:
- Ronaldo – 34 qol (1996/1997-ci illər mövsümü, “Barselona”);
- Pruden – 33 qol (1940/1941-ci illər mövsümü, “Atletiko Aviasyon”);
- Kilian Mbappe – 31 qol (2024/2025-ci illər mövsümü, “Real”);
- Romario – 30 qol (1993/1994-cü illər mövsümü, “Barselona”).
Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.
2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.
Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Mbappe “Real”ın heyətində 55 oyuna çıxıb, 42 qol vurub, 4 məhsuldar ötürmə verib.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 88 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
Klub səviyyəsində Mbappe PSJ ilə 6 dəfə və “Monako” ilə 1 dəfə Fransa Liqa 1-in, 4 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun (2024) və FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı fransalı hücumçunun transfer dəyərini 170 milyon avro məbləğində qiymətləndirir.