Bakıda bir sıra restoranların menyusunda qurbağa əti təklif olunur. Qurbağa ətinin Asiya ölkələrindən dondurulmuş şəkildə Azərbaycana idxal olunduğu və Bakıdakı restoranların ondan müxtəlid yemək növləri hazırladığı bildirilir.
Azərbaycan əhalisinin böyük əksəriyyəti müsəlmandır. O baxımdan "müsəlmanlara qurbağa əti yemək olarmı"sualı aktual olaraq səslənməyə başlayıb.
“Bu məsələnin müsəlmançılıqla əlaqələndirilməsi doğru deyil”
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Modern.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, bu mövzunun müsəlmançılıqla əlaqələndirilməsi doğru deyil:
“Azərbaycan müsəlman ölkəsi kimi xarakterizə edilmir axı. Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olan dünyəvi dövlətdir. Ölkəmiz hansısa şəriət qanunları ilə idarə olunmur. Bu baxımdan, məncə, məsələyə daha geniş rakursdan baxılmalıdır. Bu, insanların seçimi, həyat tərzi ilə bağlı məsələdir. Kimsə qurbağa əti istəsə, biz onun qarşısını ala bilmərik. Bu cür qidalara tələb var ki, adamlar onu bazara çıxarırlar. Bunun müsəlmançılıqla da əlaqəsi yoxdur. Onda donuz əti də satılır. Biz müsəlman ölkəsiyiksə, onda donuz əti, içki satılmasın. Necə müsəlman ölkəsiyik ki, spirtli içki satılır. Deməli, bu prinsiplə məsələyə yaxınlaşmaq düzgün deyil. Biz dünyəvi dövlətik, ona görə də Çin restoranı, Koreya restoranı açılır. Onların milli mətbəxində bu menyular nəzərdə tutula bilər. Kim də istəyirsə, ora getməsin, xaşını, plovunu yesin. Ona görə də bu məsələyə irad bildirmək, həyəcan təbili çalmağın mənası yoxdur”.
“Qurbağa ətinin xəstəlik yayıcı tərəflərinin olub-olmaması ilə bağlı Səhiyyə Nazirliyi, yaxud da Qida Təhlükəsizliyi Agentliyi mövqe bildirməlidir”.
Komitə sədri vurğulayıb ki, qida təhlükəsizliyi ciddi narahatedici məsələdir:
“Qurbağasız da bizim qidalarımızın əksəriyyətində problemlər yaşanmaqdadır. Qida təhlükəsizliyi ciddi narahatedici məsələdir. Qida Təhlükəzilik Agentliyi tərəfindən bununla bağlı ciddi mübarizə aparılır. At, uzunqulaq və digər ətləri sırıyırlar. Onlar qurbağadan hər halda o qədər də yaxşı olmaz. Bu baxımdan konkret olaraq hansı heyvanın ətinin daha çox zərərli olduğunu demək bizim işimiz deyil”.
"Haramlar Qurani-Kərimdə təfsilatı ilə bildirilib"
İlahiyyatçı Elşad Miri isə məsələylə bağlı bunları deyib:
“Qurbağa əti haram deyil. Çünki bu barədə Qurani-Kərimdə hər hansı qadağa yoxdur. Kimsə özündən yeni haram icad edə bilməz. Çünki Allahın adından Qurani-Kərimdə haram və halallar açıq və təfsilatlı bildirilib”.