EN

Zəngəzur dəhlizi Ermənistandan çox İranı qıcıqlandırır... Səfirin aşırı bəyanatı...


Sədrəddin Soltan: "Zəngəzur dəhlizinin açılması İranın arzuladığı nəqliyyat dəhlizlərini ikinci dərəcəli yollara çevirir"

İranın Ermənistandakı səfiri Mehdi Sobhani Azərbaycan-Türkiyə tandeminin Ermənistandan Zəngəzur vasitəsilə dəhliz əldə etmək cəhdlərini şərh edib. Belə ki, iranlı diplomat jurnalistlərlə söhbətində türk rəsmisinin yaxın illərdə Azərbaycanla birgə “Zəngəzur dəhlizi”ni açmaq niyyəti ilə bağlı açıqlamalarına toxunaraq, “Zəngəzur dəhlizi”ni heç nə həll edə bilməz, Zəngəzur olmayacaq”, - deyib.

Nəyə görə "Zəngəzur dəhlizi"nin açılması məsələsinə İran həmişə həssas yanaşır, səbəb nədir?

Baki-xeber.com saytına açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi sərhçi Sədrəddin Soltan bildirdi ki, İran Yaxın Şərqdə körfəz ölkəsidir: "Ona görə də hesab edir ki, Asiya ilə Avropanı, şimalla cənubu birləşdirə biləcək bütün nəqliyyat-komminikasiya xətləri onun ərazisindən keçə bilər. O həm də karbohidrogen ehtiyatları ilə zəngin olduğu üçün bu ehtimalın reallaşmasına ümid edir və bu istiqamətdə də çalışır. Məsələn, rəsmi Tehran Hindistan, Pakistan, İran və Türkiyədən keçərək Avropaya çıxan və digər İrandan keçən dəhlizlər ideyası barədə düşünür. Elə uzun illərdir Azərbaycandan keçməsi nəzərdə tutulan Şimal-Cənub nəqliyyat dəhlizi də illərdir Tehran hakimiyyətinin bu mövqeyi üzündən reallaşmır.

Zəngəzur dəhlizinin açılması İranın arzuladığı nəqliyyat dəhlizlərini ikinci dərəcəli yollara çevirir. Bu isə İran üçün çox böyük iqtisadi və siyasi zərbədir. Başqa sözlə desək, Tehran hakimiyyəti Şərqlə Qərbi birləşdirəcək nəqliyyat dəhlizində oyundankənar vəziyyətdə qalır. Həm də bununla İran özünün Ermənistan kimi müttəfiqini Cənubi Qafqazda itirməklə - ondan uzaqlaşmaqla bölgəyə təsir imkanlarıı itirir. Ona görə də Tehran hakimiyyəti Zəngəzur dəhlizinin açılmasına mane olur, bu, Ermənistanın ərazi bütövlüyünə müdaxilədir və s. kimi cəfəng fikirlər səsləndirir. Hətta onu "Turan yolu", "pantürkistlərin yolu" kimi adlandıraraq gözdən salmağa çalışır.

Halbuki, Zəngəzur dəhlizi gələcəkdə Ermənistanı Rusiya asılılığından azad edə bilər, enerji sahəsində onun Avropa və ABŞ ilə yaxınlaşmasına, ölkənin müstəqilliyinə yardım edə bilər. Ermənistan hakimiyyətinin bu layihənin reallaşmasına maraq göstərməməsi İrana imkan verir ki, başqa bir dövlətin suverenliyinə müdaxilə etsin.

Səfirin də əminliklə bu bəyanatı verməsi həmin o istəklərin nəticəsidir.

Son zamanlar Azərbaycanla İran arasında diplomatik danışıqlardan belə zənn edilir ki, rəsmi Tehran Zəngəzur yoluna razılıq verə bilər. Bu bəyanat həmin diplomatik münasibətlərdə yaxınlaşma prosesindən gözləntilərə qarşı bir cavabdır. Bu yaxınlaşma, Azərbaycan Prezidentinin köməkçisinin İrana səfəri, Azərbaycan səfirliyinə hücum etmiş səxsin qisas hökmü ilə edam edilməsi, işğaldan azad edilmiş ərazilərdə İran və Azərbaycan hərbiçilərinin birgə təlimi və Pezeşkiyanın Azərbaycana səfəri kimi addımlar ümid verirdi ki, İran Zəngəzur dəhlizinin açılmasına razılıq verər, ən azı buna mane olmaz. Lakin səfir bu bəyanatı verməklə bir daha sübut etdi ki, İran Zəngəzur yolunun açılmasına mövqeyini dəyişməyib.

Bundan başqa, İranın müdafiə naziri Nəsirzadənin Ermənistana səfəri, orada keçirdiyi görüşlər, eləcə də Ermənistanın müdafiə nazirini İrana dəvət etməsi iki ölkə arasında münasibətlərin inkişafının göstəricisidir. Nəsirzadə və Sobhani bəyan etdi ki, bu görüşlər və bu səfərlər İranla Ermənistanın strateji tərəfdaş olduğunü bir daha sübut edir. Yəni səfir Tehran hakimiyyətinin Ermənistana və regiona münasibətini bir daha açıqladı.

Akif NƏSİRLİ

Chosen
0
45
baki-xeber.com

10Sources