EN

İlham Əliyevin Türk İnvestisiya Fondu barədə fikirləri ümumtürk birliyini böyük hədəflərə yönəldəcək...


Akif Nəsirli: “Türk İnvestisiya Fondunun gücləndirilməsi o deməkdir ki, bu, türk dövlətlərinin birliyini daha da möhkəmləndirəcək”

“Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur”. Bu barədə Prezident İlham Əliyev Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının (TDT) qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı bildirib.

Prezident Əliyev qeyd edib ki, Türk İnvestisiya Fondunun rəsmi olaraq bu il fəaliyyətə başlaması nəzərdə tutulur.

Budapeşt sammitində Əliyev Türk İnvestisiya Fondunu gücləndirməyə çağırdı.

Türk İnvestisiya Fondunun fəaliyyətinin əhəmiyyəti nədir?

Türk İnvestisiya Fondunun hədsiz dərəcədə gücləndirilməsi türk dövlətlərinin iqtisadi maraqlandırma yolu ilə Avropa Birliyinin bəzi türk dövlətlərini ələ almaq siyasətinin də qarşısını ala bilər.

Məlum olduğu kimi, bir müddət əvvəl Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Mərkəzi Asiyaya getmişdi. O, “Mərkəzi Asiya - Avropa İttifaqı” sammitində Mərkəzi Asiya dövlətlərinə 12 milyard avro yardım vəd etdi və ona görə də bəziləri gedib Şimali Kipr Türk Cumhuriyyətinin əleyhinə səs verdi. Yəni bu cür ələ almaq cəhdləri var. Amma Türk İnvestisiya Fondunun güclənməsi türkdilli ölkələri bu cür məsələlərdən xilas edə bilər. Prezident İlham Əliyevin çağırışının əsas strateji hədəfi budur ki, türk dövlətləri iqtisadi baxımdan kimlərdənsə asılı vəziyyətə düşməsin.

“Bu fondun fəaliyyətinin gücləndirilməsi bəzi türk dövlətlərinin başqalarından asılı vəziyyətə düşməsinin qarşısını alacaq”

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli “Bakı-Xəbər”ə bildirdi ki, istənilən beynəlxalq birliyin ona üzv olan dövlətlərə hər hansı bir dəstəyi, töhfəsi olmursa adi məşvərətçi iclaslarla, toplantılarla onu gücləndirmək mümkün deyil. “Məsələn, götürək Avropa İttifaqını (Aİ), Aİ-də 27 dövlət var, onların hamısı beynəlxalq məsələlərdə eyni mövqedən çıxış edir. Niyə? Onları birləşdirən adi məhəbbətdirmi? Xeyr. Onları birləşdirən Aİ-nin həmin ölkələrə dəstəyi, yardımı, qayğısı kimi iqtisadi məsələlər pərdə arxasında gedir. Məsələn, açıq bəyan olunmur, bəzi hallarda məxfi formada dəstək verir. Hansısa axsayırsa o ölkəyə daha çox dəstək göstərilir ki, ölkə dirçəlsin. 2008-ci ildə biz Aİ-nin öz üzvlərini necə qayğı ilə o böhrandan çıxartdığının şahidi olduq. Bütün bunları müşahidə edərək, Prezident İlham Əliyev bu rakursdan çıxış edərək çağırış edir ki, biz Türk İnvestisiya Fondunu gücləndirməliyik. Türk İnvestisiya Fondunun gücləndirilməsi o deməkdir ki, bu, türk dövlətlərinin birliyini daha da möhkəmləndirəcək. Məsələn, Azərbaycan neft ölkəsidir, Qazaxıstan neft ölkəsidir, Özbəkistanda qaz çıxır, orda da müəyyən sərvət var, onların da imkanları pis deyil. Tutaq ki, amma Qırğızıstan bu üç dövlətə nisbətən daha kasıbdır. Türk İnvestisiya Fondunun Qırğızıstana müəyyən dəstək verməsi artıq o dövləti maddi cəhətdən Azərbaycana bağlayacaq. Yalnız İnvestisiya Fondu çərçivəsində deyil, digər məsələlərdə də bu cür güzəştlərin verilməsi birliyin möhkəmləndirilməsinin əsas qayələridir. Məsələn, Macarıstan heç türk dilində də danışmır, amma türk soyludur, Hun imperiyasının varisidir. Əslində, uzun illər Avropada heç kim onları türk saymayıb, heç özləri də türk olduqlarını qabartmayıblar. Amma bu gün Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində çox fəal şəkildə təmsil olunur. İndi də Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşünə ev sahibliyi edib. Bu tədbirdə çox möhtəşəm çıxışlar, bəyanatlar oldu. Azərbaycanın sərvətlərinin, yəni karbohidrogen ehtiyatlarının hasil edilməsində Macarıstan öz rolunu artırmağı, türk dövləti olduğu üçün ona burda müəyyən güzəştlərin edilməsi məsələsini hədəfləyib. Tutaq ki, bu güzəştləri Azərbaycan fərdi qaydada həyata keçirəcək. Digər dövlətlərə də türk dövlətləri olduqlarına görə bir köynək yaxın ölkə kimi müəyyən müqavilələrdə, iqtisadi münasibətlərdə güzəştlər olunacaq ki, o, türk olduğuna görə güzəşt qazandığını dərk etsin, Türk Dövlətləri Təşkilatına daha çox yaxınlaşsın, onun əhəmiyyətini daha çox hiss etsin”.

A.Nəsirli bildirdi ki, məsələn, Avropa İqtisadi İttifaqı yeni neft bazarı yaradır, həmin neft bazarında bu ittifaqa üzv olan ölkələr daha ucuz qiymətə karbohidrogen ehtiyatları əldə edə biləcəklər.

“İnvestisiya Fondunun gücləndirilməsindən əlavə, həm də bu cür layihələr həyata keçirilməlidir. Yəni bu istiqamətlərdə müəyyən addımlar var. Yenə də Prezident İlham Əliyevin “Orta Dəhlizin” inkişaf etdirilməsi, onun rəqəmsallaşdırılması ilə bağlı çağırışı oldu. Bu “Orta dəhliz” layihəsi həm də türk dövlətlərini bir-biri ilə birləşdirir, onlara türk dövlətləri olduqları üçün qarşılıqlı ümumi güzəştlərdən əlavə yeni güzəştlər tətbiq edə bilər ki, o güzəştlərdən istifadə edən ölkə Türk Dövləri Təşkilatının gücünü hiss etsin, orda özünün üzvlüyünü vacib saysın. Hesab etməsin ki, iki-üç aydan bir toplantı keçirib danışıb gedirlər. İndiyə qədər bu bu cür olub. Amma indi istiqamətlər görünür. Beynəlxalq təşkilat qurmaq ağac əkmək kimi bir şeydir. Bir müddət sən o ağacı bəsləyib ərsəyə gətirirsən, ondan sonra ondan bəhrələnirsən. Beynəlxalq təşkilatlar da bu cürdür. Başda Azərbaycan və Türkiyə liderləri olmaqla, Türk Dövlətləri Təşkilatını inkişaf etdirib ərsəyə gətirə bilsələr, bir neçə ildən sonra onun bəhrəsi ortada olacaq. Əsas məsələlər kimi birgə ordunun, birgə əlifbanın, ortaq dilin formalaşdırılması gündəmdədir. Bunlardan ən vacibi isə iqtisadi bağların yaradılmasıdır. Bu dövlətləri bir-biri ilə iqtisadi bağlarla birlşdirmək məsələsidir. Bunun da əsasında yaradılan və hazırda fəaliyyət göstərən Türk İnvestisiya Fondudur ki, çox doğru olaraq İlham Əliyev bu fondun dövlətlər arasında bağların möhkəmləndirilməsində əsas rol oynayan amil olduğunu önə çəkir. Onun gücləndirilməsi vacibdir.

Siz də şahidi oldunuz ki, Mərkəzi Asiyanın türk dövlətləri yunan Kiprində səfirlik açmaq, onu müstəqil dövlət kimi tanımaq barədə qərar verdi. Bu qərar nəyə görə oldu? Ona görə oldu ki, Aİ Mərkəzi və Orta Asiya ölkələri ilə iqtisadi müqavilələr bağladı və həmin ölkələrə 12 milyard avroya yaxın investisiya yatıracağını bəyan etdi. Bununla da həmin ölkələri ələ aldı. O ölkələr bu sazişdən həm ciddi gəlir götürəcəklər, həm də Avropa texnologiyalarına sahib olacaqlar. Məsələn, Türk Dövlətləri Təşkilatı bundan sərfəli bir layihə təklif etsəydi, heç o türk dövlətləri Aİ-nin tələblərini yerinə yetirməzdi.

Bu fondun fəaliyyətinin gücləndirilməsi bəzi türk dövlətlərinin başqalarından asılı vəziyyətə düşməsinin qarşısını alacaq.

Yəni demək istədiyim odur ki, bütün ölkələrin siyasətinin qayəsində iqtisadi maraqlar durur. Ona görə də Prezident İlham Əliyev deyir ki, biz Türk İnvestisiya Fondunu İnkişaf etdirməklə, onun fəaliyyətlərini genişləndirməklə bu dövlətləri həm də iqtisadi maraqlarla bir-birinə bağlamalıyıq. Mənəvi, mədəni, milli, tarixi baxımdan bağlar var, bu bağları möhkəmləndirmək üçün yalnız iqtisadi bağlar çatışmır. Bu iqtisadi bağları da məhz Türk İnvestisiya Fondu vasitəsilə reallaşdırmaq mümkündür”-deyə A.Nəsirli vurğuladı.

İradə SARIYEVA

Chosen
0
50
baki-xeber.com

10Sources