EN

"İranla nüvə danışıqları dalana dirənib: İsrail mümkün hərbi hücuma hazırlaşır" - "Axios"

 
"İran beynəlxalq ictimaiyyəti İsrailin təhdidlərinə qarşı tədbir görməyə çağırır..."
 
İran və ABŞ arasında aparılan nüvə danışıqları çıxılmaz vəziyyətə düşdükcə, bölgədə gərginlik sürətlə artır.
 
Moderator.az xəbər verir ki, bu barədə "interfax.ru" nəşri yazıb.
 
Məlumata görə, İran xarici işlər naziri Abbas Araqçı BMT baş katibi Antonio Quterrişə və MAQATE rəhbəri Rafael Qrossiyə müraciət edərək, İsrailin nüvə obyektlərinə qarşı hədələrinin ciddiyə alınmasını və beynəlxalq cəmiyyətin buna qarşı tədbir görməsini tələb edib. Əks halda, İranın bu obyektləri qorumaq üçün "xüsusi tədbirlər" görəcəyini bəyan edib.
 
Araqçi bildirib ki, İsrailin İranın nüvə proqramına qarşı hücum planları barədə yayılan məlumatlar dərhal BMT Təhlükəsizlik Şurası və MAQATE tərəfindən pislənilməlidir. Eyni zamanda, SEPAH-ın yüksək rütbəli komandiri general-mayor Əli Məhəmməd Naeini də İsrailin istənilən hücumuna "güclü hərbi cavab" veriləcəyini açıqlayıb.
 
Digər tərəfdən, "Axios" portalının İsrail və ABŞ mənbələrinə istinadla yaydığı məlumata görə, İsrail ordusu danışıqların uğursuzluqla nəticələnəcəyi təqdirdə İranın nüvə obyektlərinə sürətli və koordinasiyalı zərbə endirməyə hazırlaşır. İsrailin kəşfiyyat xidmətləri hesab edir ki, belə bir hücum üçün "operativ imkan pəncərəsi" yaxın vaxtlarda bağlana bilər və ona görə də tez hərəkət etməli olacaqlar.
 
Məlumatlara görə, İsrailin bu hücumu bir dəfəlik olmayacaq -Təl-Əviv ən azı bir həftəlik hərbi kampaniya planlaşdırır. İsrail baş naziri Benyamin Netanyahu, ABŞ prezidenti Donald Trampın razılığını gözləməklə yanaşı, danışıqların tam iflasa uğramasını və Vaşinqtonun da səbrinin tükənməsini gözləyir.
 
ABŞ rəsmiləri isə ehtiyat edirlər ki, Netanyahu belə bir qərarı Vaşinqtonla əvvəlcədən razılaşdırmadan verə bilər. CNN və "Axios"-un yaydığı digər xəbərlərdə isə İsrailin danışıqlar prosesindən asılı olmayaraq hücum hazırlığını davam etdirdiyi bildirilir. ABŞ kəşfiyyat məlumatları isə İsrailin hücum qərarı verib-vermədiyini dəqiq təsdiq etmir.
 
Bu arada, danışıqların beşinci raundunun 24-25 may tarixlərində Romada keçirilməsi planlaşdırılır. Əvvəlki mərhələlərdə Oman və Roma şəhərlərində dörd görüş baş tutub, tərəflər bəzi texniki məsələlər üzrə razılaşmalar əldə edib. Lakin danışıqların taleyini sual altına alan son bəyanat İranın Ali dini lideri Ayətullah Əli Xameneidən gəlib.
 
O, ABŞ-la nüvə razılaşmasının mümkünlüyünə inamının azaldığını və Vaşinqtonun uranın zənginləşdirilməsinə dair tələblərini "həddən artıq və təhqiramiz" adlandırıb. Beləliklə, tərəflər arasında kompromis imkanları tükəndikcə, regionda silahlı qarşıdurma riski daha real görünməyə başlayır.
Chosen
0
50
moderator.az

10Sources