EN

Tramp Aİ ilə razılaşdı? – “Rusiyaya qarşı birgə hərəkətə keçəcəklər”

  Xəbər verdiyimiz kimi, ABŞ-dan sonra Avropa İttifaqı da Suriyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların ləğv edildiyini açıqlayıb. Lakin Rusiya ilə bağlı məsələlərdə tərəflərin mövqeyi hələ də fərqlidir. ABŞ, Rusiyaya qarşı münasibətlərdə yumşalma istiqamətində addımlar atmağa hazır olduğunu bəyan etsə də, Aİ yeni sanksiyalar paketini təsdiqləyib.

Bu inkişaf, Suriya üçün hansı nəticələrə gətirib çıxaracaq? ABŞ-ın rəhbərliyi ilə baş verən bu dəyişikliklər, Trampın Rusiyaya qarşı eyni addımı atmaq üçün Avropanı razı sala biləcək?

Globalinfo.az-a danışan politoloq Turab Rzayev bildirib ki, Avropa İttifaqı (Aİ) Yaxın Şərqdə, xüsusilə də Suriyada ciddi və təsirli aktora çevrilmək niyyətindədir:

“Fransa bu prosesdə aktivliyi ilə fərqlənir. Paris Yaxın Şərqi hələ də keçmiş müstəmləkə və nüfuz dairəsi kimi görür. Fransa uzun illərdir ki, Liviyada, Suriyada və ümumiyyətlə Şimali Afrikada güclü mövqelərə malik olub. İndi isə həmin siyasi gücü yenidən öz əlində toplamağa çalışır. Əslində baş verənlər bizim üçün yeni deyil. Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra ilk səfər edənlər Aİ ölkələrinin xarici işlər nazirləri, nümayəndələri olmuşdu. Bununla belə, Avropa İttifaqının daxilində bürokratik əngəllər çoxdur. Bu qurum eyni zamanda ABŞ-ın mövqeyi ilə koordinasiyalı hərəkət etməyə çalışır. Aİ-nin Suriyaya qarşı sanksiyaları ABŞ-dan sonra aradan qaldırması da bu səbəbdəndir. Əslində, bu addımı daha əvvəl atmaq istəyirdilər, lakin ABŞ və İsraillə birbaşa qarşıdurmadan çəkinirdilər”.


Politoloqun fikrincə, Rusiyaya münasibətdə Aİ Ukraynanı dəstəkləmək xəttini davam etdirəcək:

“ABŞ və Aİ-nin mövqelərinin tez bir zamanda tam şəkildə üst-üstə düşməsi çətin görünür. Hazırda ABŞ Rusiya tərəfindən atəşkəslə bağlı məqbul bir təklif gözləyir. Əgər Donald Tramp Putinin bu istiqamətdə pozitiv addım atmayacağını görərsə, o zaman Kremlə qarşı yeni sanksiyaların tətbiqi gündəmə gələ bilər”.  

Chosen
0
50
referans.az

10Sources