EN

Tramp Rusiya ilə Ukraynanın arasından çəkildi, Avropa sanksiyaları artırdı


Tofiq Abbasov: "Tramp nəyin bahasına olursa olsun müharbəni dayandırmaq istəyir ki, ABŞ şirkətləri Ukraynada imzalanan resurs sazişinə uyğun olaraq hasilata başlaya bilsin"

Amerika Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə apardığı telefon danışığından sonra verdiyi bəyanatlar geosiyasi aktorları şoka salıb. “Financial Times” diplomatik mənbələrə istinadla yazır ki, Tramp iki ölkə arasında “dərhal” sülh danışıqlarının başlamasını istədiyini bildirib. Bu açıqlama Avropa siyasi liderlərində ciddi ajiotaj doğurub.

"Financial Times" yazır ki, Avropa İttifaqı liderləri Trampın Putinə verdiyi vədlərdən və əldə olunmuş “razılaşmalardan” ciddi ehtiyatlanır. Avropalı diplomatlar ehtiyat edirlər ki, Tramp Rusiya ilə tələsik sülh razılaşmasına gedərək, “Putinin maksimalist tələblərini qəbul edə bilər” və bu, “Ukraynanın maraqlarının açıq-aşkar satılması” deməkdir.

"Financial Times"ın məlumatına görə, bu ehtimallar artıq Brüsseldə və NATO daxilində ciddi narahatlıqla müzakirə olunur. Avropa liderləri Vaşinqtonun Ukrayna böhranında əvvəlki kimi neytral vasitəçi rolundan çəkildiyini, əvəzində birbaşa Rusiya ilə ikitərəfli siyasi alverə keçdiyini düşünürlər.

Trampın Putinlə görüşdən sonra verdiyi bəyanatlar belə təəssürat yaradır ki, ABŞ artıq vasitəçi kimi danışıqlardan çəkilir və hər şeyi iki tərəfin öz öhdəsinə buraxıb - gedin, razılaşın...

Amma bir tərəfdən də Avropa Birliyi "Surqutqaz" və Rusiyanın digər 57 şirkətinə qarşı sanksiya elan edib. Trampın çəkilməsinə rəğmən, Avropa sanksiyaları gücləndirir.

Bu ehtimal doğrudurmu ki, Tramp bu vasitəçilik missiyasindan cəkildi və dedi ki, ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək?

Baki-xeber.com-a məsələ ilə bağlı açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, həqiqətən Amerika özünün vasitəçiliyi ilə Rusiya-Ukrayna müharibəsində ədalətli sülh əldə etməyə çalışır: "Amma Putin elə şərtlər irəli sürür ki, bu şərtlər daxilində ədalətli sülhə bənzər bir ortaq variant tapmaq mümkün deyil. Yəni Putin birmənalı şəkildə sülh istəmir.

Avropa Rusiyaya sanksiyalarını gücləndirir və Kiyevə bacardığı dəstəyi verəcəyini vəd edir. Tramp isə nəyin bahasına olursa-olsun müharbəni dayandırmaq istəyir ki, ABŞ şirkətləri Ukraynada imzalanan resurs sazişinə uyğun olaraq hasilata başlaya bilsin. Çünki Amerikanın 47-ci prezidentini maraqlandıran əsas məsələ maliyyə və qazanc mənbələridir. Tramp açıq şəkildə bəyan edir ki, ABŞ Ukraynaya külli miqdarda yardımlar verib, amma bunun müqabilində Amerika hələ heç nə əldə edə bilməyib.

Hazırda Rusiya ilə Ukrayna arasındakı danışıqların formati bəlli deyil. Kiyev deyir əvvəl atəşkəs, sonra danışıqlar, Rusiya isə atəşkəsi danışıqlardan sonraya saxlamağı daha məqbul sayır. Tərəflər istəsələr, burada "qızıl orta"nı tapa bilər. Məsələ burasındadır ki, Ukrayna "ərazi bütövlüyü" terminindən istifadə edərək Rusiyadan güzəştlər almaq istəyəcək. Amma Moskva bu güzəştləri verməyə hazırdırmı, əlbəttə, yox. Çunki cəbhə xətti Ukraynanın dərinliklərinə getdikcə rus investorları şəhərləri bərpa edir, yaşayıs məntəqələrində normal həyatı təmin etməyə çalışır. Rusiya bununla göstərir ki, bu ərazilərə investisiya yatırır və heç vaxt o əraziləri Ukraynaya qaytarmaq fikrində olmayacaq. Rusiya deyəcək ki, mən bu torpaqlar uğrunda qan tökmüşəm, ona görə də bu torpaqlar bizim yurusdiksiyamıza keçməlidir. Yəni bu danışıqlardan sülhün iyi çox kövrək tərzdə gəlir.

Tərəflər istəyir ki, daha əlverişli konyunktura formalaşdırsın, ondan sonra məhsuldar danışıqlara başlanılsın. 30 gün atəşkəs olacağına da ümidlər azdır. Çünki Rusiya buna qarşıdır. Moskva anlayır ki, 30 günlük bir pauza veriləcəksə, Avropa gücünü toparlaya və Ukraynaya daha ciddi dəstək göstərə bilər. Hazırda masa ətrafında qarşılıqlı diplomatik mövqe mübarizəsi gedir. Tramp hesab edir ki, bütün imkanlarından istifadə edib, bundan artığını etməkdə maraqlı görünmür. O bildirib ki, müharibənin dayandırılmasını istəyir, bu andan sonra tərəflər razılaşmalıdır. Amma hər halda, Ukraynanın vəziyyəti daha acınacaqlı olacaq. Çünki müharibə dayanmayacaqsa Ukrayna daha ağir itkilər verəcək.

Bu gün təhliliçilər yada salmır ki, 3 il əvvəl İstanbulda konsensus əldə etmək mümkün idi, amma Ukrayna o şansı əldən buraxdı.

Fikrimcə, Zelenski nə qədər dirəniş göstərəcəksə, ölkəsinin vəziyyəti bir o qədər ağırlaşacaq. Bəlkə də, ABŞ Zelenskinin bu dirənişini nəzərə alaraq daha sərt manevrlər barədə düsünür. Amma Avropa istəyir ki, ABŞ sanksiyaları gücləndirməklə Rusiyaya təzyiqləri artırsın.

Trampla Putin arasında ilginc söhbətlər olubsa, demək, bu iki liderin bir-birinə dəstəyi, dərin etibarı var. Belə olan halda inanmıram ki, Tramp 180 dərəcə dönüş edərək Avropanın yanında yer alsın. Tramp sona qədər orta mövqedən çıxış edəcək, amma Rusiya ilə münasibətlərini də qoruyub saxlayacaq".

Akif NƏSİRLİ

Chosen
0
50
baki-xeber.com

10Sources