EN

"Vatikan Rusiya-Ukrayna sülh danışıqları üçün mümkün meydançaya çevrilə bilər" - Rubio

"Yeni Roma Papası bütün tərəfləri gerçək, ədalətli və davamlı sülhə çağırış edir..."
 
Vatikan Rusiya ilə Ukrayna arasında davam edən müharibənin mümkün diplomatik həlli üçün önəmli bir məkana çevrilə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio bəyan edib. Məlumatı "pravda.com" nəşri  yayıb.
 
Rubio bəyam edib ki, Müqəddəs Taxt-Tac həm Rusiya, həm də Ukrayna üçün neytral və qəbulolunan görüş yeri ola bilər. O, Vatikanın bu istiqamətdə göstərdiyi konstruktiv və müsbət rolu yüksək qiymətləndirib və qeyd edib ki, Papa XIV Lev sülhə nail olmaq üçün şəxsi səviyyədə bütün səylərini göstərməyə hazırdır.
 
Vatikan artıq uzun müddətdir diplomatik neytrallığını qoruyaraq tərəfləri dialoqa təşviq etməyə çalışır. Əvvəlki Papa Fransisk də sülh təşəbbüsləri ilə çıxış edib, lakin onun təşəbbüsləri əsasən Ukraynadan qaçırılmış uşaqların geri qaytarılmasına və əsir mübadilələrinə yönəlib.
 
Yeni Papa XIV Lev isə sələfinin bu çağırışlarını dəstəkləyərək, öz ilk bazar duasında Ukraynadakı müharibəyə son qoyulması üçün bütün tərəfləri "gerçək, ədalətli və davamlı sülhə" çağırıb. Bu kontekstdə Ukrayna prezidenti Vladimir Zelenski həyat yoldaşı Yelena Zelenskaya ilə birlikdə Papa XIV Levə həsr olunmuş intronizasiya mərasimində iştirak edib.
 
Mərasim Müqəddəs Pyotr meydanında keçirilib və təxminən iki saat davam edən mərasimdə 150-dən çox beynəlxalq nümayəndə heyəti - krallar, prezidentlər, baş nazirlər iştirak edib. ABŞ-ı tədbirdə vitse-prezident Cey Di Vens və Dövlət katibi Marko Rubio təmsil edib.
 
Zelenski mərasim zamanı İtaliya prezidenti Sercio Mattarella, baş nazir Georgia Meloni, Peru prezidenti Dina Boluarte və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayyenlə də görüşüb.
 
Bəzi məlumatlara görə, Papa XIV Lev yaxın vaxtlarda Ukraynaya səfər edə bilər. Lakin Vatikanın dövlət katibi kardinal Pietro Parolin bu ehtimalın hələ tez olduğunu bildirib. Onun sözlərinə görə, Vatikan diplomatik neytrallıq prinsipini qoruyur və bu səbəbdən səfər hələlik gündəmdə deyil.
 
Bununla belə, Papa Lev iki müharibə tərəfini eyni masa arxasına gətirmək üçün bütün səylərini əsirgəməyəcəyini bir daha vurğulayıb. Tarixçilər isə Papa fiqurunun qlobal münaqişələrin həllində uğurlu vasitəçilik nümunələrinin az olduğunu bildirir.
 
Ukraynalı tarixçi Anatoli Babinski qeyd edir ki, 20-ci əsrdə Müqəddəs Taxt-Tac tərəfindən edilən bir çox vasitəçilik cəhdləri nəticə verməyib. Yalnız bəzi regional münaqişələrdə, məsələn, Afrikada və ya Cənubi Amerikada qismən uğur qazanılıb. Buna baxmayaraq, Vatikanın təşəbbüsləri və Papa XIV Levin çağırışları bu gün də sülhün mümkünlüyünə ümid yaradır.
Chosen
0
50
moderator.az

10Sources