Mətin Məmmədli: “Rusiyada qərarları prezident Vladimir Putin və onun yaxın ətrafı verir”
İstanbuldakı Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə danışıqlar aparmaq üçün bütün lazımi səlahiyyətlərə malikdir. Bunu nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski jurnalistlərə bildirib.
Medinski deyib ki, Moskva münaqişənin altında yatan səbəbləri aradan qaldırmağı və uzunmüddətli sülhə nail olmağı hədəfləyir.
Qeyd olunur ki, bundan əvvəl Zelenski Rusiya nümayəndə heyətinin təmsilçilik səviyyəsini aşağı və hətta saxta adlandırmışdı.
Medinski qeyd edib ki, Rusiya nümayəndə heyətinin vəzifəsi münaqişənin əsas səbəblərini aradan qaldıraraq uzunmüddətli sülhün bərqərar olmasıdır.
Onun sözlərinə görə, Moskva İstanbuldakı danışıqları 2022-ci ildə kəsilmiş sülh prosesinin davamı kimi qiymətləndirir. Rusiya danışıqlarda konstruktiv yanaşmaya və münaqişənin həlli yollarının tapılmasına sadiqdir.
Medinski deyib ki, Rusiya nümayəndə heyəti danışıq aparmaq üçün hər cür səlahiyyətə malikdir.
Maraqlıdır, niyə deməyib ki, razılaşma əldə etmək üçün hər cür səlahiyyətə malikdir?
“Bu səbəbdən danışıqlar prosesində Putin özü iştirak etsəydi, yaxud ən azı Lavrov görüşdə olsaydı...”
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli “Bakı-Xəbər”ə bildirdi ki, Rusiya nümayəndə heyətinə Putinin köməkçisi Medinski rəhbərlik edir. “Əslində gözlənilən o idi ki, bu danışıqlarda Rusiya prezidenti, yaxud daha yüksək ranqlı Rusiya rəsmiləri iştirak edəcək. Ancaq gözləntilərin əksinə olaraq Rusiya bu vacib danışıqlarda daha aşağı ranqlı rəsmi nümayəndələrlə təmsil olunur”.
M.Məmmədlinin sözlərinə görə, bu görüşdə nümayəndə heyətinin razılaşma əldə etmək üçün heç bir səlahiyyəti yoxdur: “Rusiya siyasi sisteminə bələd olanlar yaxşı bilir ki, Rusiyada qərarları prezident Vladimir Putin və onun yaxın ətrafı verir. Bu səbəbdən danışıqlar prosesində Putin özü iştirak etsəydi, yaxud ən azı Lavrov görüşdə olsaydı, bu, görüşün nəticələri ilə bağlı müəyyən nikbin proqnozlar verməyə imkan verərdi. İndi təmsil olunan nümayəndə heyətinin rəhbərinin özünün də qeyd etdiyi kimi, onların danışıqlar aparmaq səlahiyyətləri var. Razılaşma əldə etmək üçün ciddi səlahiyyətə malik olmaları ilə bağlı isə ciddi şübhə var ki, onlar hansısa bir razılaşmanı təsdiq etsinlər. Ümumiyyətlə isə danışıqlar prosesinə o qədər də nikbin yanaşmıram. İndiki şərtlər, reallıqlar daxilində gözləmirəm ki, bu danışıqlarda hansısa bir ciddi nəticə əldə olunsun”.
İradə SARIYEVA