Ukrayna prezidenti Vladimir Zelenski, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, Polşanın baş naziri Donald Tusk və Böyük Britaniyanın baş naziri Kir Starmer İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatdıqdan az sonra ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıblar. Zelenskinin sözlərinə görə, liderlər keçmiş danışıqları müzakirə ediblər. O qeyd edib ki, Ukrayna real sülh naminə “mümkün olan ən sürətli addımları atmağa” hazırdır. "Bizim mövqeyimiz ondan ibarətdir ki, ruslar tam və qeyd-şərtsiz atəşkəsdən imtina edərlərsə, o zaman güclü sanksiyalar olmalıdır. Rusiya müharibəni bitirməyə hazır olana qədər Rusiyaya təzyiqlər davam etdirilməlidir", - deyə Ukrayna prezidenti bildirib.
Polşanın baş naziri Donald Tusk Trampla söhbətindən sonra deyib ki, Rusiya tərəfi “de-fakto danışıqları dayandırıb və atəşi dayandırmaqdan imtina edib”. “Təzyiqləri artırmağın vaxtıdır”, - deyə o əlavə edib. Kir Starmer də öz növbəsində bildirib ki, “Rusiyanın mövqeyi qəbuledilməzdir və builk dəfə deyil”. Ukraynalı diplomatik mənbə Reuters və Sky News-a bildirib ki, Rusiyanın İstanbul danışıqları zamanı irəli sürdüyü tələblər “real deyil” və əvvəllər müzakirə edilənlərdən kənara çıxıb. Ali Radanın deputatı Aleksey Qonçarenko iddia edir ki, Rusiya Ukrayna qoşunlarının “konstitusiyasına əlavə edərək ilhaq etdiyi bütün bölgələrdən” çıxarılmasını tələb edib.
Surxay Əliyev