Azərbaycanda geyim istehsalı 43% azalıb. Azərbaycanda bu ilin yanvar-aprel aylarında geyim istehsalı azalıb. Belə ki, ötən ilk 4 ayda 32,5 milyon manat dəyərində geyim istehsal edilib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə geyim istehsalında 42,8% azalma müşahidə olunub. Həmçinin, bu dövrdə ölkədə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 188,2 milyon manat dəyərində məhsul istehsal edilib.
Bəs ölkədə geyim istehsalının azalmasına səbəb nədir?

Bu barədə Moderator.az-a danışan iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, əslində ölkəmizdə müəyyən qədər geyim istehsalı var. Onun sözlərinə görə, bəziləri "Made in Azerbaijan" brendi adı altında bəziləri isə Türkiyə, İspanya, İtalya etiketini geyim məhsuluna tikməklə satışını həyata keçirir:
“Geyimlərin satışı mövsümü olaraq dəyişə bilir. Əsasən də qış mallarına, qalın geyimlərə daha çox tələbat olur. Statistik göstəricinin az olması ilk növbədə bununla bağlı olsa da istehlakçıların büdcəsinə uyğunluq ,zövq və məhsulun keyfiyyəti də istehsalın azalmasına səbəb olan faktorlar arasındadır.
İqtisadi tərəfi ilə yanaşı alıcı təfəkkürü də burada mühüm rol oynayır. Bunun üçün də yuxarda qeyd etdiyim kimi ,,saxta etiket" məsələsi də çox geniş yayılıb. Burada yalnız qiymət məsələsi deyil, eyni zamanda alıcıların düşüncə tərzi də mühüm rol oynayır. Məsələn, eyni keyfiyyətdə iki məhsuldan biri Türkiyədə, digəri Azərbaycanda istehsal olunsa, çox zaman alıcılar xarici məhsula üstünlük verirlər. Alıcıların əksəriyyəti xarici məhsula üz tutar.Yəni burada alıcı təfəkkürü rol oynayır”.
İqtisadçı qeyd edib ki, digər səbəb kimi milli valyutamız idxal etdiyimiz ölkələrin pul vahidi qarşısında olduqca dəyərlidir, xarici valyuta bizdə illərdir stabildir:
“Alıcı elə bilir ki məhsul o ölkədə ucuzdur ,amma burada məsələnin məğzi bizim valyutamız üstünlük təşkil etdiyi üçündür. Yerli istehsalı artırmaq üçün ilk növbədə iqtisadi imkanlar genişlənməlidir. Bu gün hansısa sahəni inkişaf etdirmək üçün yeni iqtisadi fikirlərə ,yeni iqtisadi modellərə ehtiyac var. Geyim istehsalının azalması tələb təklifə bağlı deyil. Məhsulun maya dəyərinə çəkilən xərclərin digər ölkələrə nisbətən bizdə yuxarı olmasıdır. Bu da dolayısıyla gəlirlərlə bağlıdır. Gəlirlər nə qədər çox olsa xərclər də artar.İqtisadi tarazlıq yaranar”.

Modelyer Şəlalə Maqsudova isə qeyd edir ki, insanların alış-veriş vərdişlərinə onların maddi vəziyyəti və gündəlik ehtiyacları birbaşa təsir göstərir. Bu səbəbdən son illərdə ucuz və rahat geyimlərə maraq daha da artıb:
“İnsanlar artıq geyimdə ilk növbədə rahatlığa və qiymətə diqqət yetirirlər. Məhz bu üzdən "Temu", "Trendyol" kimi xarici onlayn satış platformalarından sifarişlər çoxalıb. Bu cür geyimlər həm münasib qiymətlidir, həm də tez əldə olunur. Bizdə isə geyim fərdi əməyə əsaslandığı üçün daha baha başa gəlir. Təbii ki, bu da insanları daha ucuz alternativlərə yönəldir. Təəssüf ki, indi bir çox alıcını keyfiyyət deyil, kəmiyyət maraqlandırır”.
Mehin Mehmanqızı