Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 55,1 min ton mazut istehsal edilib.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 55,1 dəfə çoxdur.
Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalın ümumi dəyəri 1 milyard 607 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,9 % azdır.
Bu müddət ərzində Azərbaycanda 424,4 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu göstərici də 2024-cü ilin ilk 4 ayının göstəriciləri ilə müqayisədə 17 % azdır.
Bu ilin ilk 4 ayında ölkədə 726,4 min ton dizel yanacağı istehsal edilib ki, bu da ötən ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 8,2 % azdır.
Hesabat dövründə 12,4 min ton sürtkü yağları, 49,2 min ton neft bitumu istehsal edilib. Ötən ilin ilk 4 ayı ərzində Azərbaycanda sürtkü yağlarının istehsalı 38,9 %, neft bitumunun istehsalı isə 30,2 % azalıb.
Həmçinin, hesabat dövründə ölkədə 71,9 min ton maye qazlar, 196 min ton ağ neft, 63,9 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda maye qazların istehsalı 5,6 %, neft koksunun istehsalı 19,4 %, ağ neftin istehsalı isə 8,3 % azalıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin “Avro-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.