İmişli rayonunda 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb. Hadisə rayonunun Sarıxanlı kəndində baş verib. SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Tədbirdə, həmçinin rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edib.
"Azərbaycan bayrağından uca bayraq yoxdur, o bizim hər zaman başımızın üstündədir. Burada Türkiyə bayrağı da dalğalanır, bəs ona niyə bir söz demirsiniz?! SSRİ bayrağı orada bir neçə saatlıq qaldı və yığışdırıldı. Türkiyə bayrağı isə küçələrdədir. Bir dövlətin içərisində bir bayraq olur. Siz o zaman Türkiyə bayrağına niyə qarışmırsınız?!” - S.Səmədov saytımıza açıqlamasında özünü belə müdafiə edib.
Modern.az İmişlinin deputatı Razi Nurullayev ilə əlaqə saxlayıb.
O, hadisədən xəbərsiz olduğunu deyib: "Məsələyə münasibət bildirmək istəmirəm".
Milli Məclisin komitə sədir Musa Quliyev isə bildirib ki, istər İmişlinin Sərxanlı kəndində, istərsə də Azərbaycanın hər hansı bir yerində bayram günü və ya hər hansı tədbirdə SSRİ-nin bayrağının qaldırılması, “Georgi lenti”nin taxılması səhv hərəkətdir:
“Bu qəbuledilməzdir və tənqid olunmalıdır. Əvvəla artıq SSRİ deyilən bir ölkə, imperiya artıq yoxdur. Tarixini yaşayıb bitirib. Azərbaycan bayrağının olduğu yerdə başqa bayrağın dalğalandırılmasına ehtiyac yoxdur. Digər tərəfdən yaxşı olardı ki, həmin tədbirdə vaxtilə 1941-45-ci illərdə vuruşanların şəkilləri olardı, birdə Qarabağ müharibəsi şəhidləri yad olunardı. Görünür, o bayrağı qaldıranda da “Georgi lenti” taxanda da mahiyyətini bilib, fikir verməyiblər. Mən qəsdən atılan addım olduğunu düşünmürəm. Məncə siyasi savadsızlıqdan irəli gələn məsələdir. Ən azından rayon Ağsaqqallar Şurası belə tədbir keçirəndə respublika Ağsaqqallar Şurasından məsələhətləşməliydi, addımlarını razılaşdırmalıydı. Hər halda bu məsələnin üstünə elə də getmək lazım deyil. Hər halda işıqlandırmağı da doğru hesab edirəm ki, bilməyənlər də “Georgi lenti”nin mahiyyəti, tarixi nədir öyrənsinlər. Saleh Səmədov məncə vikipediyanı açıb oxuyacaq ki, “Georgi lenti” nə deməkdir? Düşünürəm bir daha onu sinə taxmaz”.
Saleh Səmədovun “Azərbaycan bayrağından uca bayraq yoxdur, o bizim hər zaman başımızın üstündədir. Burada Türkiyə bayrağı da dalğalanır, bəs ona niyə bir söz demirsiniz?! SSRİ bayrağı orada bir neçə saatlıq qaldı və yığışdırıldı. Türkiyə bayrağı isə küçələrdədir. Bir dövlətin içərisində bir bayraq olur. Siz o zaman Türkiyə bayrağına niyə qarışmırsınız?!” fikirlərinə isə parlamentari belə reaksiya verib:
“O tamamilə qəbulolunmaz fikirdir. Türkiyə bayrağı Azərbaycan bayrağı ilə hər yanda yanşı dalğalana bilər. Türkiyə bizim qardaşımız və dostumuzdur. Azərbaycanın üçrəngli bayrağının ortasındakı qırmızı rəng və ay-para da elə türk bayrağının bir simvolu deyilmi? Ona görə də türkiyə bayrağı ilə imperiyanın bayrağını eyniləşdirmək düzgün deyil. Mən yenə deyirəm bu siyasi naşılıqdan irəli gələn məsələdir. Türkiyə bayrağı ilə heç nəyi müqayisə etmək düzgün deyil. Səhv addımdır. Yəqin Respublika Ağsaqqallar Şurası da məsələyə öz münasibətini bildirər”.