Madrid “Real”ının baş məşqçisi, italiyalı futbol mütəxəssisi Karlo Ançelotti bu ilin may ayından Braziliya millisinə rəhbərlik edəcək.
Arena.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyası (CBF) məlumat yayıb.
İtaliyalı mütəxəssislə 1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb. Sözləşmə 2026-cı ildə keçiriləcək dünya çempionatını (DÇ-2026) əhatə edəcək. 65 yaşlı mütəxəssisin mayın 26-dan etibarən millidə fəaliyyətə başlayacağı diqqətə çatdırılıb.
Beləliklə, Braziliya millisinə 1965-ci ildən sonra ilk dəfə əcnəbi baş məşqçi rəhbərlik edəcək. Karlo Ançelotti 60 ildən sonra “sambaçılar”ı çalışdıran ilk əcnəbi mütəxəssis olacaq. Sonuncu dəfə bu ölkənin millisini əcnəbilərdən argentinalı Filpo Nunes çalışdırıb.
Bu, Ançelottinin də ilk yığma komanda sınağı olacaq. 65 yaşlı baş məşqçi Braziliya seçməsini 2026-cı il dünya çempionatına hazırlayacaq. O, seçmə mərhələdə Ekvador (6 iyun) və Paraqvaya (11 iyun) qarşı keçiriləcək oyunlarda millini meydana çıxaracaq.
Xatırladaq ki, Karlo Ançelotti cari mövsümün bitməsi ilə “Real”dan ayrılacaq. Onu bu vəzifədə mövsümün sonunda “Bayer”dən ayrılacağı açıqlanmış Xabi Alonsonun əvəzləyəcəyi gözlənilir.
Karlo Ançelottinin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “kral klubu”na geri qayıtmış italyan mütəxəssis indiyədək “qaymaqlılar”ı çalışdırır. Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Çalışdırdığı müddətdə Karlo Ançelotti “Real”ı 349 oyuna çıxarıb, 249 qələbə, 48 heç-heçə, 52 məğlubiyyət yaşayıb. İtalyan mütəxəssisin rəhbərliyi altında “qaymaqlılar”ın top fərqi isə 837:346 nisbətindədir.
Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazandığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014, 2022, 2024) və FIFA Klub Dünya Kuboku (2014, 2022) və FIFA Qitələrarası Kubok (2024) daxildir.
65 yaşlı Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recana” keçiblər.
“Real” 33 oyundan 72 xalla İspaniya La Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb.