Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya ilə görüşüb.
Nazirliyin məlumatına görə, görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə İşçi Qrupunun yaradılması müzakirə olunub.
Tərəflər həmçinin ixrac potensialı yüksək olan məhsullarla bağlı informasiya mübadiləsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi və ikitərəfli əməkdaşlığı ehtiva edən digər məsələlərə də toxunublar.
Ölkədə etibarlı və əlverişli biznes mühitinin, eləcə də böyük tranzit potensialının olduğunu xatırladan Məcnun Məmmədov əlavə edib ki, latviyalı sahibkarlar Azərbaycanın investisiya imkanlarını dəyərləndirə və nəqliyyat-tranzit potensialından daha geniş istifadə edə bilərlər.
Öz növbəsində səfir Edqars Skuya ölkəsinin Azərbaycanla bütün sahələr üzrə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.