EN

Ukrayna atəşkəs istəyir, Rusiya isə yayınır – İstanbul görüşü nəyi dəyişəcək?

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya 15 may tarixində İstanbulda birbaşa sülh danışıqlarına yenidən başlamağı təklif edib. Ukrayna Prezidenti Volodimir Zelenski isə Vladimir Putinlə İstanbulda şəxsən görüşməyə hazır olduğunu və 15 mayda onu Türkiyədə gözləyəcəyini deyib.
Maraqlıdır, Putin Zelenskinin təklifinə necə cavab verəcək? Bundan sonra nələr gözlənilir?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında politoloq Elxan Şahinoğlu Putinin Ukraynaya qarşı müharibəyə başlayandan sonra Zelenski ilə heç bir təması və dialoqu olmadığını vurğulayıb.

 

 

Onun fikrincə, Putin Zelenskinin təklifinə belə cavab verə bilər:

“Putin deyə bilər ki, əvvəlcə diplomatlar görüşsünlər və mümkün razılaşmalar barədə fikir mübadiləsi aparsınlar, nəticə olarsa yaxın gələcəkdə şəxsən Zelenski ilə görüşəcək. Amma o da mümkündür ki, Putin çəkinmədiyini göstərmək üçün Zelenski ilə İstanbulda görüşə razılaşa da bilər. Putinin Zelenski ilə birbaşa görüşməyə razı olması ehtimalı yüksək deyil. Zelenskinin təklifinə ABŞ Prezidenti Donald Trampın reaksiyasi maraqlı olacaq. Putinin 15 mayda İstanbulda görüş təklifini müsbət qiymətləndirən Ağ Ev sahibi məntiqlə Zelenskinin Kreml sahibinə ünvanlanmış “gəl İstanbulda şəxsən görüşək” təklifinə də dəstək verməlidir”.

Mövzu ilə bağlı fikirlərini bölüşən politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, Türkiyənin vasitəçiliyi ilə Rusiya- Ukrayna arasında növbəti danışıqlarda müsbət irəliləyişlər mümkündür:

“Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqlarının nəticəsiz başa çatması, Putinin 30 günlük atəşkəsdən imtina etməsi ABŞ və Avropa İttifaqının yenidən bir araya gəlməsinə səbəb oldu. Bu danışıqlardan sonra, Tramp Putinin manipulyasiya etdiyini və atəşkəsdə maraqlı olmadığını görüb vasitəçilikdən imtina etdi. Ukrayna prezidenti Zelenski isə Trampın atəşkəs təklifini qəbul etdi. ABŞ və Rusiya arasında danışıqların fiaskosundan sonra ABŞ və Ukrayna arasında mineral ehtiyatlarla bağlı sazişin bağlanması Moskvanı dilemma qarşısında qoydu. Ötən həftə Böyük Britaniya, Almaniya, Fransa və Polşan liderlərinin Kiyevə səfər etməsi Avropa İttifaqının fikir ayrılıqlarını kənara qoyub birləşdiyini göstərdi. Avropa liderlərinin səfərindən dərhal sonra, Putin mayın 15-dən başlayaraq danışıqlara hazır olduğunu bəyan etdi. Bu, Qərbin qarşısında geri çəkilmək və Ukraynanı fakt qarşısında qoymaq idi. Putin atəskəs edilmədən danışıqları təklif etməsi isə Kremlin danışıqlarda Qərbin qarşısında geri çəkilmədiyini mesajını verir”. 

Onun sözlərinə görə, Putin Türkiyənin vasitəçiliyi ilə İstanbul danışıqlarını davam etdirməklə, ABŞ və Avropa ölkələrini kənarda tutmağa çalışır:

“Zelenskinin mayın 15-də Türkiyədə Putini şəxsən gözləcəyini bəyan etməsi Kremli çətin vəziyyətə salıb. Bu, Ukraynanın ikitərəfli danışıqlara hazır olduğunu göstərir. Təbii ki, Putin şəxsən danışıqlara qatılmayacaq. Türkiyədə danışıqlar prosesində Rusiya Ukraynaya hərbi yardımlar edilməməsini şərtini irəli sürə bilər. Bundan başqa, yenidən İstanbul razılaşmasi üzrə danışıqları davam etdirilməsini təklifini qaldıracaq. 2022-ci ilin aprelində İstanbul razılaşmasını hər iki tərəf qəbul edərək, paraflayıb.

 

Növbəti İstanbul danışıqlarına Ukrayna zəif tərəf kimi deyil, güclü tərəf kimi qatılır. Ona görə də danışıqlar çətin və Kremlin diktəsi ilə deyil, qarşılıqlı təkliflər şəkilində davam edəcək. Birinci İstanbul danışıqlarında paraflanmış razılaşmaların bir neçə bəndini Ukrayna qəbul etməyəcək. Rusiya İstanbul razılaşmasını ona görə yenidən danışıqlar masasına gətirir ki, Avropa ölkələri razı olmasın, ABŞ Avropa ölkələri arasında yenidən dərin siyasi böhran yaratsın”.

M.Əsədullazadə vurğulayıb ki, Ukrayna real olaraq danışıqlar və atəşkəsdə maraqlıdır:

“ABŞ və Avropa ölkələri Ukraynaya hərbi yardımları artırarsa, cəbhə xəttində Rusiya qoşunlarına ciddi zərbə vurularsa, Kreml atəşkəsə gedəcək. İndi Rusiya atəşkəsə tələsmir. Buna baxmayaraq müsbət irəliləyişlər mümkündür”.\\Sfera.az

 

Chosen
0
39
nocomment.az

10Sources