Əfqanıstanın müvəqqəti administrasiyası ölkədə şahmat oynamağı qadağan edib. Bu qərar “dini mülahizələrə” və Fəziləti Təbliğ etmək və Əxlaqsızlığın Qarşısını Alma Nazirliyinin müəyyən etdiyi məhdudiyyətlərə görə verilib. “Taliban” hərəkatı bu oyunun İslam normalarına zidd olduğunu bəyan edib. Onların fikrincə, şahmat qumar oyunudur və əfqanların dini inancı ilə uyğun gəlmir.
Əfqanıstan Şahmat Federasiyasının keçmiş icraçı direktoru Abasin Mohibi deyib ki, son on bir ayda ölkədə hər hansı rəsmi turnir, seminar və ya şahmatla bağlı digər fəaliyyət olmayıb. O, federasiyanın əksər rəsmi şəxslərinin ölkəni tərk etdiyini də bildirib.
Bəs İslama görə şahmat oynamaq haramdırmı?
Sfera.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən dinşünas Elşad Miri Allahın dinində belə bir haram olmadığını deyib.
Onun sözlərinə görə, cəmiyyət arasında özlərini vəhabi adlandırılanlar da şahmatın haram olduğunu düşünür:
“İslama görə şahmat oynamaq haramdır? Hansı İslama görə? Allahın göndərdiyi İslama görə, yoxsa özlərindən din uydurub adını İslam qoyanalara görə? Cəmiyyət arasında vəhabi adlandırılanlara görə də şahmat oynamaq haramdır. Qeyd edim ki, vəhabi adlandırılanlar özlərinə əhli-sünnə, sələfi və hədis əhli deyirlər.
Bu gün Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı da rəsmi olaraq şahmatı qadağan edib. Təsəvvür edin, “Taliban” hərəkatı sələfilərdən fərqli olaraq mülayim olan Hənəfi məzhəbinə mənsubdurlar. Nəzərə alın ki, hənəfilər digər məzhəblərlə müqayisədə daha tolerantdırlar. Bir nüansı da qeyd edim ki, Türkiyədəki müsəlmanların da böyük əksəriyyəti hənəfi məzhəbinə mənsubdurlar".
E.Miri vurğulayıb ki, İslam dinində şahmatla bağlı bir qadağa yoxdur:
“Şahmat oynamaq üçün fikirləşmək, düşünmək, ağıl işlətmək lazımdır. Şahmatı haram bilənlərə görə ağıla və məntiqə ehtiyac yoxdur. İstəsəniz, şahmatın haram olduğuna inananlardan soruşa bilərsiniz. İslamda, onun yeganə mənbəyi olan Quranda belə bir haram yoxdur. Allahın dinində belə bir haram ola da bilməz”.
Firuzə Əliyeva