EN

Azərbaycanda dövlət-ailə münasibətləri

Yazını böyüt
Yazını kiçilt

Ailə cəmiyyətin kiçik, lakin ən fundamental institutudur. İnsanlar ailə daxilində dünyagörüş, əxlaq və davranış qaydaları ilə tanış olur, şəxsiyyətləri burada formalaşır. Ailə dəyərləri isə bu qurumun mənəvi dayaqlarıdır və bir ailənin nəyə inandığını, necə yaşadığını, necə tərbiyə verdiyini göstərir. Bu dəyərlər nəsildən-nəslə ötürülərək həm fərdi, həm də cəmiyyəti formalaşdırır. Ailə dəyərlərinin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi cəmiyyətin sabitliyi və rifahı üçün son dərəcə vacibdir.
Ailə dəyərləri dedikdə, bir ailənin birlikdə yaşadığı prinsiplər, əxlaqi meyarlar, sosial davranış qaydaları və emosional münasibətlər nəzərdə tutulur. Bu dəyərlərə sevgi, hörmət, sadiqlik, məsuliyyət, qarşılıqlı dəstək, dürüstlük və fədakarlıq kimi əsas anlayışlar daxildir. Bu dəyərlər uşaqların formalaşmasında və onların gələcəkdə cəmiyyətə faydalı fərdlər kimi yetişməsində böyük rol oynayır.
Cəmiyyətin güclü olması, ailə institutunun sağlamlığı ilə birbaşa əlaqəlidir. Ailə dəyərləri cəmiyyətin ümumi mənəviyyat səviyyəsini yüksəldir. Uşaqlar ailə daxilində davranış normalarını öyrənir, hörmət etməyi, səbirli olmağı, paylaşmağı və məsuliyyət daşımağı burada mənimsəyir. Belə formalaşan fərdlər gələcəkdə daha humanist, tolerant və vətənpərvər olurlar. Ailə dəyərlərinin zəiflədiyi cəmiyyətlərdə isə sosial münasibətlərdə pozulmalar, cinayətkarlıq və fərdi məsuliyyətsizlik artır.
Qloballaşma, texnologiyanın inkişafı, urbanizasiya və sosial şəbəkələrin geniş yayılması kimi müasir dövrün çağırışları ailə dəyərlərinin qorunmasını çətinləşdirir. Gənclərin ailə üzvləri ilə fiziki və emosional ünsiyyəti azalır, ailə içindəki birlik hissi zəifləyə bilir. Eyni zamanda, bəzi xarici mədəniyyət nümunələrinin mənfi təsiri ilə milli dəyərlər də təzyiq altına düşür. Bu səbəbdən ailə dəyərlərinin qorunması təkcə ailənin deyil, bütöv cəmiyyətin və dövlətin vəzifəsinə çevrilir.
Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 90-cı illərində ailənin möhkəmləndirilməsinə, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində ulu öndərin təşəbbüsü əsasında Azərbaycan Respublikası mühüm beynəlxalq Konvensiyalara qoşulmuş və ölkəmizdə bir sıra müvafiq qanunlar qəbul edilmişdir. Azərbaycan Respublikası BMT-nin “Qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”, “Uşaq Hüquqları haqqında”, “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında”, “Uşaqların kənd təsərrüfatında işə buraxılmasının minimum yaşı haqqında”, “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” və digər Konvensiyalara qoşulmuşdur. Dövlət tərəfindən ratifikasiya edilmiş konvensiyalara əsasən daxili qanunvericilikdə mühüm islahatlar aparılmışdır. “Ailə kəndli təsərrüfatı haqqında”, “Uşaq hüquqları haqqında”, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasının, onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” və “Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı” Protokolların təsdiq edilməsi barədə, “Ərdə olan qadının vətəndaşlığı haqqında”, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında”, “Ahıllara sosial xidmət haqqında”, “Nikahdan kənar doğulmuş uşaqların hüquqi statusu haqqında”, “Uşaqlı ailələrin sosial müdafiəsi haqqında” və digər qanunlar qəbul edilmişdir.
Heydər Əliyevin müəllifi olduğu Konstitusiyamızda da ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları xüsusi maddələrlə müəyyən edilmişdir. Eyni zamanda, ailə dəyərlərini möhkəmləndirmək, onun hüquq və vəzifələrini müəyyənləşdirmək üçün 1999-cu ildə Ailə Məcəlləsi qəbul olunmuşdur. Bu Məcəllə Azərbaycanda ailə münasibətlərinin normal hüquqi əsaslar üzərində qurulması və davam etdirilməsi üçün hərtərəfli hüquqi baza yaratmışdır. Məcəllədə göstərildiyi kimi, ailənin möhkəmləndirilməsi zəruri amildir, ailə münasibətləri qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmalıdır. Ailənin işlərinə kənar şəxslərin müdaxiləsi yolverilməzdir. Ailənin hər bir üzvü ailə qarşısında məsuliyyət daşıyır və onlar öz hüquqlarını maneəsiz həyata keçirə bilərlər.
Milli-mənəvi dəyərlər sistemində ailənin rolunu müstəsna dəyərləndirən böyük siyasi xadim xalqın genefondunun qorunmasında, cəmiyyətin birləşməsində və vahid məqsəd uğrunda səfərbər olunmasında ailəni daim müqəddəs bir örnək hesab edir, bütövlükdə cəmiyyətin azadlığını, xoşbəxtliyini və səadətini hər bir ailənin xoşbəxtliyində və səadətində görürdü.
Ulu Öndər siyasi aləmdəki uğurlarının arxasında hər zaman ailəsinin dayandığını bildirirdi. O, öz xatirələrində qeyd edirdi: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olub. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib...”.
Bu gün Azərbaycan dövlətinə böyük uğurla rəhbərlik edən, onu regionun ən qüdrətli dövlətinə çevirən, dünya liderləri sırasında söz sahibi olan hörmətli Prezident İlham Əliyevin ulu öndərin ənənələrinə sadiqliyi, onun miras qoyduğu müqəddəs ailə ənənələrini şərəflə yaşatdığı göz önündədir. Azərbaycan dövlətinin bu gün dünyaya tanıdılmasında, onun iqtisadi qüdrəti ilə yanaşı, mənəvi qüdrətinin də artırılmasında, respublikanın paytaxtı Bakının böyük siyasi tədbirlərin, qlobal forumların keçirildiyi bir məkana çevrilməsində, Azərbaycanın mənəvi sərvətlərinin beynəlxalq aləmdə geniş təbliğ olunmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkə Prezidenti ilə çiyin-çiyinə çalışması, bütün taleyüklü məsələlərin həllində onunla birgə olması, əslində, ulu öndərin ailə ənənələrinin ləyaqətlə davam etdirilməsidir.
Ailə dəyərlərinə xüsusi diqqət yetirən Prezident İlham Əliyev çıxışlarının birində vurğulayıb ki, xalqımızın yaşaması, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynayır: “Ailə dəyərləri xalqımız üçün həmişə çox doğma olub, çox əziz olub və ailə dəyərləri bizim milli dəyərlərimizdir. Xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün, milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır”.
Bu gün Azərbaycanda hər bir ailənin sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün hökumət mütəmadi olaraq zəruri tədbirlər həyata keçirir. Qəbul olunmuş bir sıra dövlət proqramları və imzalanmış sərəncamlar vətəndaşlarımızın hüquq və azadlıqlarının təmin edilməsi, xüsusilə, qadın və uşaq hüquqlarının müdafiəsinin reallaşdırılması üçün bütün imkanlar yaradır. Sirr deyil ki, hər bir dövlətin sağlam gələcəyinin təminatı həmin ölkənin uşaqlarının necə müdafiə olunmasından asılıdır. Bu müdafiənin daha möhkəm olması üçün davamlı olaraq milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilib, uşaq hüquqlarının müdafiəsi, normal formalaşması və uşaqların sağlam böyüməsinə yönəlmiş bir çox dövlət proqramları, tədbirlər planları qəbul edilib. Bu proqramlar uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, bu siyasətin tənzimlənməsi, həyata keçirilməsinin təmin edilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyanı inkişaf etdirməyə yönəlib.

Chosen
0
hafta.az

1Sources