EN

Qətər Trampa 400 milyon dollarlıq “uçan saray” bağışlayır

ABŞ Prezidenti Donald Trampın yeni prezidentlik müddətində ilk diplomatik səfərini Yaxın Şərqə edəcəyi ərəfədə Qətərdən ona möhtəşəm bir hədiyyə veriləcəyi ortaya çıxıb.

Musavat.com xəbər verir ki, "ABC News" mənbələrinin məlumatına görə, Qətər Əmiri ailəsi Trampa lüks "Boeing 747-8" təyyarəsini bağışlamağa hazırlaşır. Söhbət VIP sinifə aid, əvvəllər "A7-HHE" kimi tanınan və 2012-ci ildə xüsusi olaraq Qətər kral ailəsi üçün hazırlanmış "P4-HBJ" təyyarəsindən gedir.

Təyyarənin qiyməti 400 milyon dolları ötür və o, hazırda dünyanın ən lüks hava nəqliyyat vasitələrindən biri hesab olunur. Onun interyeri yataq otaqları, qonaq qəbulu salonları, qızıl işləməli dizayn və yüksək texnologiyalı rabitə vasitələri ilə təchiz olunub.

Tramp administrasiyası bu təyyarənin ABŞ-da müvəqqəti olaraq "Air Force One" (Prezident təyyarəsi) kimi istifadə ediləcəyini, daha sonra isə prezident kitabxanasının fonduna veriləcəyini təsdiqləyib. Təyyarə artıq Texas ştatına gətirilib və istifadəyə hazırlanır.

Bununla belə, Qətərin paytaxtı Dohadan rəsmi açıqlamada bildirilir ki, hədiyyə ilə bağlı danışıqlar hələ nazirliklər səviyyəsində davam edir. ABŞ Konstitusiyasına görə, xarici ölkədən verilən hədiyyələr yalnız Konqresin razılığı ilə qəbul oluna bilər. Bu səbəbdən, məsələ Vaşinqtonda ciddi siyasi müzakirələrə səbəb olub.

Demokratlar və Trampın tənqidçiləri bu hədiyyəni maraqlar toqquşması kimi dəyərləndirir. Onlar bildirirlər ki, "Trump Organization" son illərdə Qətər, BƏƏ, Oman və Səudiyyə Ərəbistanında milyardlarla dollarlıq daşınmaz əmlak layihələri həyata keçirir. Bu layihələr regionun hökumətlərinə yaxın olan iri developer şirkətlərlə birgə icra olunur. Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff da onlardan biri kimi tanınır.

Musavat.com

 

Chosen
0
musavat.com

1Sources