Bakı Avrasiya Universitetində (BAAU) Filologiya fakültəsinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “SDG Həftəsi” çərçivəsində tanınmış yazıçı Yaşar Kamalın “Dəniz küsdü” romanının müzakirəsi təşkil olunub.
Açılış nitqi ilə çıxış edən Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Elmira Məmmədova-Kekeç tədbirin aktuallığını vurğulayaraq, dəniz ekosisteminin mühafizəsindən, qlobal ekoloji çirklənmənin gətirəcəyi fəsadlardan söz açmış, tələbələri bu mövzuda məsuliyyətli olmağa çağırmışdır.
Tədbir proqramına uyğun olaraq, kafedranın müəllimi f.ü.f.d. Aytən Abbasova çıxış edərək qlobal ekoloji fəlakət, onun doğurduğu fəsadları və səbəbləri haqqında geniş məlumat vermişdir. O, xüsusilə də hidrosferin çirklənməsi, dəniz ekosisteminin qarşı-qarşıya qaldığı problemlərə diqqət çəkmişdir. Daha sonra XX əsr türk ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış yazıçı Yaşar Kamalın “Dəniz küsdü” romanı ətrafında müzakirələr aparılıb.
Tədbirin mövzusuna uyğun olaraq BAAU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasının II kurs tələbələri çıxışlar etmiş, “Dəniz küsdü” romanında qeyd olunan ekoloji problemlərin bədii əksi məsələləri müzakirə edilmişdir.
Tələbələrin çıxışlarından sonra Türk dilləri və nəzəri dilçilik kafedrasının müdiri dos. Zəminə Rüstəmbəyli çıxış etmiş, ekoloji problemlərin doğuracağı fəsadlara diqqət çəkmiş, tələbələri təbiətə daha həssas yanaşmağa çağırmışdır.
Tədbirin sonunda fəal iştirak edən tələbələrə və çıxışçılara təşəkkürnamələr təqdim olunub.