EN

Trampın yeni Qrenlandiya planları ortaya çıxdı

Yazını böyüt
Yazını kiçilt

ABŞ Qrenlandiyanı öz təsir dairəsinə daxil etmək üçün Sakit okean ada dövlətləri ilə münasibətlərində istifadə etdiyi xüsusi statusdan yararlanmağı planlaşdırır.

Hafta.az-ın yazdığına görə, anonimlik şərti ilə “Reuters”ə danışan ABŞ rəsmiləri deyirlər ki, Tramp administrasiyası Qrenlandiya ilə Azad Birlik Sazişi (COFA) bağlamağı planlaşdırır.

Mikroneziya, Marşal adaları və Palau kimi kiçik ada dövlətlərini əhatə edən COFA müqavilələrinin təfərrüatları danışıqlardan asılı olaraq dəyişdirilə bilər. Vaşinqton, ümumiyyətlə, müqavilə çərçivəsində poçtun çatdırılmasından tutmuş fövqəladə halların idarə edilməsinə və hərbi mühafizəyə qədər mühüm xidmətləri göstərməyi öhdəsinə götürür. Bunun müqabilində ABŞ ordusunun COFA ölkələrində sərbəst fəaliyyət göstərməsi və qarşılıqlı ticarət üçün gömrük imkanları təqdim etməsi gözlənilir.

Qrenlandiya ilə mümkün COFA razılaşmasının təfərrüatları hələ yekunlaşdırılmayıb.

Amma bir məsələ var ki, COFA indiyədək yalnız müstəqil ölkələrlə imzalanıb. Bunun Qrenlandiya ilə mümkün olması üçün bölgə Danimarkadan müstəqilliyini elan etməlidir.

Hesabatda bildirilir ki, nə Ağ Ev, nə Danimarka səfirliyi, nə də Qrenlandiyanın Vaşinqtondakı nümayəndəsi şərhlərə cavab verməyib.

Vaşinqtonun Palau, Marşal adaları və Mikroneziya ilə mövcud COFA müqavilələri Çinin Asiya Sakit Okean regionunda artan təsirinə qarşı mübarizədə ABŞ üçün vacibdir.

Adının açıqlanmasını istəməyən bir avropalı mənbə, Danimarka rəsmilərinə COFA ilə bağlı heç bir təklifin edilmədiyini söyləyib. O, həmçinin qeyd edib ki, Qrenlandiya rəsmiləri Vaşinqtonla regionun gələcək statusunu müzakirə etməyiblər.

Digər tərəfdən Tramp administrasiyası Qrenlandiya ilə bağlı daha bir addım atmağı planlaşdırır. Ölkənin Qrenlandiyada təhlükəsizlik maraqlarına cavabdehlik ABŞ Avropa Komandanlığından (EUCOM) ABŞ Şimal Komandanlığına (NORTHCOM) keçəcək.

Qrenlandiyanın aid olduğu Danimarka EUCOM-un təsir dairəsindədir. Qrenlandiya NORTHCOM dairəsinə köçürülərsə, bu, "simvolik ayrılıq" yarada bilər. Adının açıqlanmasını istəməyən bir mənbə, Danimarka rəsmilərinin belə bir addımdan narahat olduğunu söyləyib, çünki bu, "Qrenlandiyanın Danimarkanın bir hissəsi olmadığı mesajı verə bilər".

Təhlil göstərir ki, Qrenlandiyanı NORTHCOM ərazisinə daxil etməklə ABŞ Çin və Rusiyanın bu marşrutla başlaya biləcəyi hücumlara qarşı hazırlığını artırmaq məqsədi daşıyır. ABŞ Kosmik Qüvvələrinin Pituffik Kosmik Stansiyası Qrenlandiyada yerləşir.

Tramp vəzifədə olduğu ilk günlərdən Qrenlandiyanı ABŞ-a birləşdirmək istədiyini deyərək mübahisələrə səbəb olub. ABŞ prezidenti həmçinin bildirib ki, onlar Qrenlandiyanı ala bilməsələr, “hərbi seçimlərə” əl atacaqlar.

Chosen
0
hafta.az

1Sources