Avropa İttifaqı (Aİ) və Böyük Britaniya, Britaniya qoşunlarının Aİ-nin təhlükəsizlik və müdafiə əməliyyatlarında iştirakına imkan verəcək yeni strateji sazişi yaxın günlərdə təqdim edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə “The Times” nəşri sənəd layihəsinə istinadla məlumat yayıb.
Bildirilir ki, gələn həftə açıqlanacaq razılaşma Brexit-dən sonra Böyük Britaniya ilə Aİ arasında qurulan ən sıx əməkdaşlığı əks etdirəcək. Müdafiə və təhlükəsizlik sahəsindəki bu pakt, iki tərəf arasında genişmiqyaslı strateji tərəfdaşlığın bir hissəsi olacaq.
Mənbəyə görə, paktın bağlanmasına səbəb olan əsas amil Rusiya ilə Ukrayna arasında davam edən silahlı münaqişədir. Yeni saziş çərçivəsində tərəflər mütəmadi olaraq təhlükəsizlik məsələlərində məsləhətləşmələr aparacaq, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq edəcəklər.
Qeyd edək ki, bu günlərdə Britaniyanın xarici işlər naziri Devid Lammi Aİ ölkələrinin nümayəndələri ilə Ukrayna məsələsini müzakirə edəcək. Görüşdə Fransa, Almaniya, İtaliya, İspaniya və Polşadan yüksək səviyyəli nümayəndələrin iştirakı nəzərdə tutulur.
Aytəkin TOFİQQIZI