İllərdir əyilmiş vəziyyətdə olan ağacın bir hissəsi qırılaraq avtomobilin üzərində düşüb. Nəticədə vətəndaşın avtomobilinə ciddi ziyan dəyib.
Xezerxeber.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, İvan Anaşkin küçəsi 10 ünvanında baş verib.
Sakinlər deyirlər ki, bu gən aşan ağacla bağlı əvvəllər dəfələrlə rayon icra hakimiyyəti və bələdiyyə nümayəndələrinə müraciət ediblər, lakin nəticəsi olmayıb.
Ərazidə aşmaq üzrə olan və sakinlərə təhlükə yaradan digər ağaclar da var. Onlar deyirlər ki, bu problemi nə qurumlar həll edir, nə də onlara icazə verilir ki, özləri həll etsinlər.
Sığorta şirkətindən bildirilib ki, üzərinə ağac aşan avtomobilə dəymiş ziyanın ödənilməsi mümkün deyil, çünki avtomobilin kasko sığortası yoxdur. İcbari sığortaya görə isə bu kimi hallarda ödəniş edilmir.
Problemlə bağlı Sabunçu rayon icra hakimiyyətinə də müraciət etdik. Bildirildi ki, yaxın zamanda əraziyə baxış keçiriləcək və digər ağacların yaratdığı problemlə bağlı lazımi addımlar atılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.