EN

Qan donduran məktəb direktoru - Zamin Hacı YAZIR...

 

Bakıdakı 207 nömrəli orta məktəbdə direktorun qanunsuz pul yığması haqda söhbəti bilirsiniz. Bu haqda səs yazısı yayılıbdır. Orda direktor valideynlər, ya da müəllimlərdən məzun günü münasibətiylə pul istəyir. Məbləğ ya 50 manatdır, ya da 150 manat – dəqiq yadımda qalmayıb, məktəb direktorlarının yeknəsəq səs yazılarını dinləməyə isə nə vaxtım var, nə həvəsim. Bunda bir məna da görmürəm. Niyəsini az sonra yazacağam.

Hələliksə bir haşiyə çıxım. 207 nömrəli məktəb şəhid Səid Rəşidzadənin oxuduğu orta məktəbdir, indi orada Səidin barelyefi divara vurulub. Səidi şəxsən tanımaq şərəfinə nail olmuşam, çünki o, bütün Azərbaycan jurnalistlərinin dostu, dəyərli insan Nofəl bəyin oğludur. Səid Hadrutun azad olunması uğrunda döyüşlərdə igidliklə həlak olub, məzarı ata yurdunda, doğulduğu Füzuli rayonundadır.

Sözümün canı odur ki, 207 nömrəli məktəbdə hansısa çirkin hadisə baş verirsə, bunun şəxsən mənə də təsiri var. Səidin barelyefi önündə rüşvət almaq şəhidlərə hörmətsizlikdir. İstəyirsinizsə bunu pafos hesab edin, ancaq o adamlar yalnız hansısa quru torpaq, daş-kəsək uğrunda ölməyiblər. Onlar həm də bizim düzgün ölkədə yaşamağımız, uşaqların normal təhsili, qanunlara layiq dövlət uğrunda həlak olublar. Əks halda, qanunsuzluq altında yaşayacaqsansa, fərqi nədir müdir Vartandır, yoxsa Mameddir?

Ancaq məktəb direktorunun rüşvət alması iddialarının həddən artıq şişirdilməsi qənaəti də var, bəzi manıslar bunu dilə gətirmişdir. Deyirlər orda böyük şou-tədbir olacaq, musiqi, qonaqlıq, dicey, videoçəkiliş və sairə nəzərdə tutulur, həmin pullar da şounun təşkili, kənardan cəlb edilən peşəkarların qonorarı üçündür, əslində direktora heç zad çatmır.

Mən bunun nə dərəcədə həqiqət olduğunu bilmirəm. Hərçənd, bəzi internet səhifələrində “direktorun dəhşətli səs yazısı”, “bu direktoru asmaq lazımdır” kimi idiot başlıqları görəndə gülməyim gəldi. Sanki bədbəxt direktor külli miqdarda dövlət vəsaiti oğurlayan hansısa məmur imiş.

Həqiqətən bizim cəmiyyət ölçü-biçi hissini itirmiş amorf kütlə halına çatmaq üzrədir. Yəqin bu qara kütlənin yetişməsində elə o məktəb direktorları və müəllimlərin də böyük rolu vardır. Cabbarlının yazdığı kimi: “Öz cəzandı, çək”...

Hamımız milli, bambılı toy mərasimlərimizə qatılırıq, il ərzində bir neçə dəfə oliqarxları və manısları bu qulaqbatıran iyrənc şadlıq saraylarında yemləməklə məşğul oluruq. Bu toyxanalarda bir-birinə pərçimlənmiş, preslənmiş masaların qiyməti minimum 100 manatdır. Həmin toyxanalara 100 manatı “uf” demədən yazdıran valideynlər məktəbdə 1 manat xərcləyəndə canları çıxır. Əlbəttə, dərs keçilməyən yerə 1 manat da çoxdur, anlayıram, ancaq bəs o şadlıq saraylarında nə əldə edirik, qulaq ağrısı və cındır təəssüratlardan başqa?

Hərdən manısların toy qiymətləri açıqlanır, preyskurantı görənlərin dodaqları uçuqlayır. İki mahnıya 5 min manat, yarım saatı 6 min, nə bilim, bütöv toy 20 min, sünnət 10 min və sairə. Mal kimi də bu pulu verir, sonra fonoqram altında dingildəşirlər. Məktəb tədbirinə pul vermək lazım gələndə isə hamı alov püskürən əjdəhaya dönür.

Bir tənqidim də yenə məktəb üçün. Əgər orda normal tədris olsaydı, uşaqlara bilik və bacarıqlar düzgün öyrədilsəydi məzun törənində hər hansı ciddi xərc-xəraca da ehtiyac qalmazdı – hər şey məktəbin öz daxili imkanlarıyla həll edilərdi. Dekorasiyanı uşaqlar əmək dərsində düzəltməli idi. Diceyliyi, kameramanlığı da müəllimlər öyrədə bilərdi, əgər özlərində bu qabiliyyət vardısa. Ancaq laqqırtı, qeybət, seçki saxtalaşdırmaqdan vaxt qalırmı ki?

O cümlədən, məktəbdə rəqs, teatr, bədii ədəbiyyatı qiraət dərnəkləri qursaydınız, indi dəlmə-deşikdə xoreoqraf axtarmazdınız.

Sonda Məhəmməd Əmin Rəsulzadənin 1908-ci ildə yazdığı bir məqalədən sitat: “Müəllimlər, hümmət edin! Göstərin ki, siz cəmaətin uşaqlarını deyil, özlərini də tərbiyə etməyə müstəidsiniz! (müstəid – qabiliyyətli – Z.H.) Bildirin ki, sizi həvəsə gətirən, mənafeləndirən təkcə qarın ehtiyacı, güzəran, məişət mülahizatı deyil, cəmaət qeydi, yaxın qardaşlara mənəvi kömək etmək fikri daha vardır!”

Chosen
0
musavat.com

1Sources