EN

Bir neçə il sonra ustalar "YOXA ÇIXACAQ"

Son illərdə Azərbaycanda ali təhsilə maraq əhəmiyyətli dərəcədə artıb. Hər il minlərlə gənc universitetlərə qəbul olmaq üçün çalışır, bu isə cəmiyyətin təhsilə yönəlməsini və savadlı kadr potensialının formalaşmasını göstərən müsbət tendensiya kimi qiymətləndirilir.

Lakin bu artımın paralelində başqa bir narahatedici proses müşahidə olunur – peşə təhsili alanların və ümumilikdə, peşə ixtisaslarına maraq göstərənlərin sayı kəskin şəkildə azalır. Hazırda elektrik, çilingər, aşpaz, qaynaqçı kimi ixtisas sahiblərinə tələbat artsa da, bu sahələrə yönələn gənclərin sayı ildən-ilə azalır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, əgər bu meyl davam edərsə, yaxın gələcəkdə əmək bazarında peşəkar ustaların çatışmazlığı daha da dərinləşəcək.

Modern.az mövzu ilə bağlı elm və təhsil eksperti Elçin Əfəndi ilə həmsöhbət olub.

Onun sözlərinə görə, dövlət başçısının bir neçə il əvvəl imzaladığı sərəncam əsasında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb:

“Ondan sonra peşə təhsili istiqamətində yüksək texniki peşə ixtisasları da açıldı. Hansı ki, həmin ixtisasları bitirənlər üçün subbakalavr dərəcəsi də verilir. Buraya əsasən nəqliyyat və kompüter ixtisasları daxildir. Beləcə həmin şəxslər ali təhsil müəssisələrinə imtahan vermədən qəbul ola bilirlər. İşğaldan azad edilən ərazilərdə peşə təhsili müəssisələrinin istifadəyə verildi. O ərazilərdə təhsil alacaq şəxslərə ödənişsiz və təqaüdlü şəkildə təhsil alması imkanları da tanındı. Düşünürəm ki, bu addımlar peş təhsili istiqamətində marağın qarşıdakı dövrdə bir qədər də artması ilə nəticələnəcək”.

Ekspert bildirib ki, peşə təhsili istiqamətində daha çox təbliğat aparılmalıdır:

“Hər kəsin ali təhsil almaq öhdəliyi yoxdur. Əgər hər kəs ali təhsil alsa, bənna, elektrik, çilingər, aşpaz, bərbər kimi peşələri kim icra edəcək?! Elə peşə təhsili sahələri var ki, onları nə süni intellekt nə də robotlar əvəz edə bilir. Ona görə də düşünürəm ki, həm şagirdlər həm də valideynlər daha çox maraqlı olmalıdırlar”.

Peşə təhsili olanlar ali təhsililərdən daha çox qazanır

“Bəzi hallarda müşahidə edirik ki, peşə təhsili istiqamətində təhsil alan şəxslər ali təhsil alanlardan qat-qat daha çox mövqeyə sahibdirlər və yaxud maddi imkanları daha yaxşıdır. Ona görə də valideynlər bu istiamətə maraq göstərsələr daha yaxşı olar, çünki bu sahələr perspektivi olan istiqamətlərdir”- müsahibimiz bildirib.

Peşə təhsili sahəsində aparılan təbliğat gücləndirilməlidir!

“Təbliğatı gücləndirmək üçün isə peşə təhsili müəssisələri daha təşbbüskar olmalıdırlar. Dövlət və özəl qurumlarla əməkdaşlıq edilməlidir. Müəssisələr gələcəkdə məzunlarının iş təminatının yaxşılaşdırılması ilə bağlı müvafiq qurumlarla müqavilə bağlayarsa, peşə təhsili üzrə təhsil alan gənclər də iş təminatını düşünərək bu sahəni seçə bilərlər”- E.Əfəndi qeyd edib.

Chosen
0
modern.az

1Sources