BAKI, 11 may. TELEQRAF
“Futbol klublarını deyil, futbol ictimaiyyətini günahlandırmaq lazımdır”.
Teleqraf xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXXIV tur matçından sonra keçirilən mətbuat konfransında gənc futbolçulara şans verməsi ilə bağlı danışarkən deyib.
43 yaşlı mütəxəssis yetərincə yerli və gənc oyunçulara şans verildiyini bildirib: “Onlar mənim və ya başqa baş məşqçinin rəhbərliyi altında inkişaf ediblər. Sonluqda isə ictimaiyyətin işiqlandırdığı və təriflədiyi nəticələr olur. Mətbuat bunu işiqlandırsa, digər baş məşqçilərdə də gənc futbolçulara şans vermək fikri formalaşacaq. Məsələn, avrokubok oyunları olub ki, meydana 5 yerli ilə çıxmışam. Amma bunlar işiqlandırılmayıb. 5 penaltidən 4-nü yerli futbolçumuz vurub. Məğlub olmuşuq və ya qalib gəlmişik, amma gənc futbolçudur, təcrübə toplayır. Vursa da, vurmasa da artıq bu, onu bir addım irəli aparır. Şərhlərdə yazırlar ki, yerlilərə penalti verməyin, penalti vura bilmirlər. Məsələn, “Qarabağ”ın futbolçusu Toral Bayramov. O, penaltini vurmaya bilər, amma biz onu qazanırıq. Yerli futbolçuları oynadan məşqçilərin adları mətbuatda hallandırılmır. Məsələn, 10 mətbuat konfransıdır ki, məndən Tyaqo Silva barədə soruşurlar, amma Aydın Bayramovu qazanmağımız qabardılmır. O, rəqabətdə Silvaya uduzmur, mövsümü də uğurlu keçirdi. Buna görə də bir çox baş məşqçidə fikir formalaşır ki, bizim üçün ən vacib olan nəticədir".
O, baş məşqçinin əsas funksiyasının nəticə verməli olmadığını söyləyib: “Əsas keyfiyyətlərdən biri də futbolçunu qazandırmaqdır. Bu, istəyir legioner olsun, ya da yerli oyunçu, istəyir cavan olsun, istəyir yaşlı. Bir futbolçunun hansısa baş məşqçinin rəhbərliyi altında çıxış etməsi vacibdir”.
Sadıqov Azərbaycanda hamının nəticədən danışdığını vurğulayıb: “Hamı tabloya baxır, hansı pillədədir, aşağıdadırsa, deməli, uğursuz baş məşqçidir. Bizim əsas problemimiz budur ki, hamı köklənib nəticəyə. Bu, UEFA Çempionlar Liqasının finalı olarsa, mən razıyam, hər şeyimizi verək və nəticəni fikirləşək. Futbolda bəzi məqamlar var ki, onlar işiqlandırılaraq gündəmə gətirilməlidir. Onlar hətta mətbuat tərəfindən tələb də olunmalıdır. Amma bu gün bizim futbolda hamı nəticəyə köklənib. İstəyir aşağı yaş qruplarımız olsun, istərsə millilərimiz və ya klublarımız olsun. Hamımız köklənmişik nəticəyə. Bu da bizim futbolun inkişafına mane olacaq. Yenə də deyirəm, gənclərimiz var, fürsət düşdükcə də şans verəcəyik. Az oynayan futbolçulara da fürsət verəcəyik ki, formaya düşsünlər”.