Hindistan və Pakistan rəsmi Vaşinqtonun vasitəçiliyilə tam atəşkəs barədə razılığa gəliblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrdə yazıb.
"ABŞ-ın vasitəçiliyilə uzun çəkən gecə danışıqlarından sonra Hindistan və Pakistanın tam və dərhal atəşkəs barədə razılığa gəldiklərini elan etməkdən məmnunam", - o qeyd edib.
Pakistan Baş nazirinin müavini və xarici işlər naziri İshak Dar isə öz növbəsində Hindistanla atəşkəs barədə məlumatı təsdiqləyib.
"Pakistan və Hindistan atəşkəs barədə razılığa gəliblər. Pakistan həmişə öz suverenliyi və ərazi bütövlüyünə xələl gətirmədən regionda sülh və təhlükəsizliyə çalışıb", - İ.Dar sosial şəbəkə hesabında yazıb.
Hindistan da öz növbəsində Pakistan ilə hərbi əməliyyatların dayandırılmasını və atəşkəsi təsdiqləyib.
"Hindistan və Pakistan arasında atəşkəs və hərbi əməliyyatların dayandırılması birbaşa iki ölkə arasında razılaşdırılıb", - Dehlidən vurğulayıblar.
Qeyd edək ki, Hindistan və Pakistan arasında atəşkəs Bakı vaxtı ilə 15:30-da qüvvəyə minib.