Əfqanıstanda “Taliban” hərəkatının hakimiyyəti rəsmi olaraq şahmatı qadağan edib, bu oyunun İslam normalarına zidd olduğunu bəyan edib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, onların fikrincə, şahmat qumar oyunudur və əfqanların dini inancı ilə uyğun gəlmir.
Yerli şahmatçıların turnirlərin keçirilməsinə icazə verilməsi və federasiyaya dəstək göstərilməsi xahişi ilə İdman Departamentinə müraciəti mənfi cavablandırılıb. Onlara bildirilib ki, əmirin Şahmat Federasiyasını hüquqi statusdan məhrum edən və şahmatı haram sayan fərmanı mövcuddur.
“Son on bir ayda bir dənə də olsun rəsmi turnir, seminar və ya şahmatla bağlı hər hansı bir fəaliyyət olmayıb. Federasiyanın əksər rəsmi şəxsləri ölkəni tərk ediblər. Bəzi vilayətlərdə şahmat tamamilə qadağan olunub” - deyə Şahmat Federasiyasının keçmiş icraçı direktoru Abasin Moxibi bildirib.
Əfqanıstanda 11 titul sahibi olan şahmatçı var, onlardan beşi FIDE ustası, altısı isə idman ustalığına namizəddir.
Bizim.Media