Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə 30 günlük atəşkəsə niyə razılaşmadığını mətbuat katibi Dmitri Peksov vasitəsilə izah edib. Kreml sahibinin fikrincə, 30 günlük atəşkəs Ukraynaya Qərb ölkələrinin dəstəyi vasitəsilə hərbi arsenalını artırmağa və cəbhə bölgəsindəki döyüşçülərinə istirahət verməyə, o cümlədən onları əvəz etmək üçün yeni qüvvələrin cəlbinə imkan verəcək. Bundan başqa Putin hesab edir ki, Ukrayna atəşkəsdən istifadə edərək genişmiqyaslı səfərbərlik həyata keçirəcək. Deməli, bunlar baş verməsin deyə, Kreml 30 günlük atəşkəsə razılaşmır.
Putinin yanaşmasında qeyri-adi heç nə yoxdur. Azərbaycanın da 1994-cü ildə Ermənistanla atəşkəsə razılaşmasında məqsədi yaranan fasilədə daxili problemləri həll edib, ordunu gücləndirmək və yeni silahlarla təchiz etmək idi. Beynəlxalq vasitəçilər məsələni həll edə bilmədiyinə görə, Azərbaycan ordusu torpaqları işğalçılardan azad etdi. Ukrayna da eyni yanaşmadan çıxış edir. Kiyev atəşkəs vasitəsilə cəbhə bölgəsindəki döyüşçülərinə zəruri istirahət verməyi planlaşdırır. Hərbi arsenalın artırılmasına gəldikdə isə, Ukrayna bunu müharibə dövründə də həyata keçirir, bunun üçün 30 günlük atəşkəsə ehtiyac yoxdur. Genişmiqyaslı səfərbərliyi də döyüşlər getdiyi müddətdə həyata keçirmək mümkündür.
Əslində Putinin məntiqi onu göstərir ki, o davamlı döyüşlər vasitəsilə Ukrayna hərbçilərini yormaq və yeni əraziləri işğal siyasətindən imtina etmək istəmir. Kreml sahibi ona görə ABŞ və Ukrayna Prezidentlərinin uzun müddətli atəşkəs təklifinə razılaşmaq istəmir. Ancaq atəşkəs Rusiyanın özü üçün də lazımdır, Putinin Ukrayna ilə bağlı söylədiyi arqumentlər onun ordusu üçün də keçərlidir. Rusiyanın cəbhə bölgəsindəki döyüşçülərinin də istirahətinə ehtiyac var, komandanlıq onları hər gün ölümün pəncəsinə atır.