EN

Zemfira Meftahətdinova: “Heydər Əliyevin diqqətinin nəticəsi idi ki, ölkəmizdə idman sürətlə inkişaf etməyə başladı”

"Heydər Əliyev ölkəmizdə idmanın inkişafı istiqamətində olduqca mühüm işlər görüb".

Bunu İdman.biz-ə Olimpiya çempionu, Azərbaycan Atıcılıq Federasiyasının və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinova Ümummilli Lider Heydər Əliyev haqqında danışarkən deyib.

O bildirib ki, bu gün anadan olmasının 102-ci ildönümü olan Ulu Öndərin idmana göstərdiyi qayğı və diqqət idmançılar üçün böyük motivasiya olub: "SSRİ dağılandan sonra məşqçilər, idmançılar hərəsi bir tərəfə getdi. Ulu Öndər hakimiyyətə gəldikdən sonra hamını yenidən bir araya topladı. Dövlət tərəfindən idmana göstərilən qayğı onlar üçün stimul oldu. Heydər Əliyev tez-tez idmançılarla görüşlər keçirir, ayrı-ayrılıqda idman növləri ilə maraqlanırdı. Bu münasibət ölkəmizdə idmanın inkişafına inam yaratmışdı. Məhz bu diqqətin nəticəsi idi ki, ölkəmizdə qısa zamanda bu sahə sürətlə inkişaf etməyə başladı. Regionlarda olimpiya idman kompleksləri tikildi, idmanın inkişafı üçün lazımı şərait yaradıldı. İdmançılar da öz növbəsində bu etimadı doğrultmağa çalışırdılar".

Meftahətinova Ümummilli Liderlə görüşlərini böyük qürur hissi ilə xatırlayır: "Ulu Öndərlə ilk dəfə 1995-ci ildə Əl Oyunları Sarayında (indiki İdman Sarayı - red) təşkil olunan tədbirdə görüşmüşəm. Həmin gün Heydər Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif olundum. 2000-ci ildə isə Ulu Öndər məni "Şöhrət" ordeni ilə təltif etdi. Bu mənim üçün çox böyük qürur idi. Heydər Əliyev kimi böyük şəxsiyyətin əlindən medal almaq mənim üçün böyük şərəfdir".

Aytac Sahəd
İdman.biz

Chosen
0
idman.biz

1Sources