“İmpiçment siyasi mübarizə üsuludur, insanların diqqətini hakimiyyətdə olan şəxsin əməllərindəki müəyyən qüsurlara diqqətini cəlb etmək üçün fənddir...”
Xəbər verildiyi kimi, Ermənistanın Vahid Milli Konstitusiya Partiyası ölkənin baş naziri Nikol Paşinyana etimadsızlıq göstərilməsi proseduruna (impiçment) başlayıb. Bu barədə partiyanın sədri, hakim “Vətəndaş sazişi” Partiyasının keçmiş fəalı, əvvəllər parlamentin “Vətəndaş sazişi” fraksiyasının deputatı olmuş Hovik Ağazaryan məlumat verib.
Bəs görəsən, müxalifətin bu niyyətinin həyata keçmə şansı varmı?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi şərhçi Zərdüşt Əlizadə qısa və konkret danışıb.
“Ermənistan baş naziri Nikol Paşinyana qarşı impiçment məsələsi boş və mənasız söhbətdir. Çünki ölkə parlamenti üzvlərinin 73 faizi Paşinyan tərəfdarlarıdır. Onlar özləri-özlərinə qarşı səs verməyəcəklər ki? ABŞ Konqresində də bir demokrat konqresmen Trampa qarşı impiçment məsələsini qaldırıb. Lakin Nümayəndələr Palatasında da, Senatda da əksəriyyət respublikaçılardır. Orada da impiçment ehtimalı sıfıra bərabərdir. Amma qaldırıblar da... İmpiçment siyasi mübarizə üsuludur, insanların diqqətini hakimiyyətdə olan şəxsin əməllərindəki müəyyən qüsurlara diqqətini cəlb etmək üçün fənddir. Bir sözlə, bir daha təkrar edirəm: Ermənistanda da müxalifətin qaldırdığı impiçment məsələsi boş və mənasızdır...”