Türkiyə Superliqasında dünən "İstanbul Başakşehir" üzərində 4:1 hesablı qələbədən sonra "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo yenə diqqət mərkəzinə düşüb.

Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında portuqaliyalı çalışdırıcı ampluasına sadiq qalaraq mətbuat nümayəndələrini ələ salıb, onların suallarına qeyri-adi cavablar verib.

Jurnalistlərdən birinin "Sizin "Fənərbağça" ilə əməkdaşlığı davam etdirəcəyiniz barədə məlumatlar yayılıb. Bu xəbərlər hansı mənbədən qaynaqlanır? Ümumiyyətlə, şəxsən siz Türkiyədə qalmaq istəyirsiniz, yoxsa mövsümün sonunda "Fənərbağça"dan ayrılacaqsınız?" sualına Mourinyo belə reaksiya verib: "Sualı başa düşmədim".

Eyni sual başqa formada təkrarlansa da, baş məşqçinin cavabl dəyişməyib: "Mən sizin sualı anlamadım".

Digər sual isə "Fənərbağça"nın prezidenti Ali Koçun bir neçə gün öncə canlı yayımda çıxışı zamanı transferlərlə bağlı anonsunu aid olub. Mourinyo bu mövzu barədə də danışmaq istəmədiyini söyləyib.

"Bu mövzuda açıqlama vermək istəmirəm. Çünki bununla bağlı izahat vermək mənim mədəniyyətimə uyğun deyil. Klubun daxilindəki məsələlər elə klubun daxilində qalmalıdır. Başqa sözlə, mən sizin sevdiyiniz tərzdə olan mövzuları xoşlamıram. Mənim gördüyüm işlər mənə özəl qalacaq. Türkiyədə jurnalist dostum yoxdur. Burada heç bir jurnalistlə danışmıram, istədiyim vaxt səsi yandırıb-söndürmürəm. Türkiyədə əlaqələrim yoxdur. Mən beləyəm", - deyə çalışdırıcı vurğulayıb.

Qeyd edək ki, "Fənərbağça" Avropa Liqasında və Türkiyə Kubokunda uğursuzluğa düçar olduqdan sonra Superliqada da çempionluq yarışında "Qalatasaray"a uduzur. Bütün uğursuzluqların fonunda Türkiyə mətbuatı, azarkeşlər Mourinyonu kəskin tənqid edir, onu istefaya səsləyir.