EN

Ceyhun Mirzəyevin qızından xəbər var: Rusiyada küçələrdə yatır - ŞOK GÖRÜNTÜLƏR

Mərhum aktyor və rejissor Ceyhun Mirzəyevin yeganə övladı  Cəmalə Mirzəyeva Rusiyada küçələrdə yaşayır.

Musavat.com xəbər verir ki, bu barədə Zaur Baxşəliyevin aparıcısı olduğu “Bizimləsən” verilişində bildirilib. 

“O niyə Azərbaycandan gedib. Ümumiyyətlə, küsüb gedibmi? Nə baş verib? Evi olan adam nəyə görə belə acınacaqlı vəziyyətdədir. Ən əsası niyə qaçır? Xaricdə yaşayan həmvətənlərimiz ona kömək əli uzatmaq istəsələr belə, o, icazə vermir. O, qaçır, gizlənir, yerini dəyişir. O, məşhur aktyor Ceyhun Mirzəyevin yeganə övladıdır”, -deyə Z. Baxşəliyev bildirib və Cəmalə Mirzəyevin şəxsiyyət vəsiqəsini təqdim edib.

C.Mirzəyev 1946-cı il aprelin 9-da Bakıda anadan olub. Ceyhun Mirzəyevin atası Cəmil Mirzəyev Qarabağdan - Ağdamın Abdal-Gülablı kəndindəndir. Anası isə Qarabağın məşhur Sarcalı soyundan olub.

Ceyhun Mirzəyevin özündən böyük (ana eyni, ata ayrı) ögey bacısı da vardı. Onun atası anası ilə ailə quranda hər ikisinin ikinci evliliyi olub.

Ceyhun atasını 5 yaşında ikən - 1951-ci ildə itirib. O, anasının və əmisinin himayəsində böyüyüb. 

Lap kiçik yaşlarından kinoya gələn Ceyhun Mirzəyevin adı çəkiləndə ilk olaraq “Ögey ana” və “Fəryad” filmləri yada düşür. Əvəzedilməz sənətkar taleyinin birinci dönəmində “Ögey ana”dakı balaca İsmayılla tanınmışdısa, ikinci dövründə “Fəryad”dakı İsmayılla məşhurlaşmışdı.

O, özünün çəkdiyi və baş rolda oynadığı bu filmə tam baxa bilməyib. Filmin premyerasından öncə infarkt keçirən C.Mirzəyev 47 yaşının tamamına az qalmış - 1993-cü il martın 5-də vəfat edib.

Ceyhun Mirzəyev milliyyətcə tatar olan Lidiya Qriqoryevna ilə evlənmişdi. 1973-cü ildə ailə quran cütlüyün Cəmalə adlı bir qızları dünyaya gəlib. Lidiya Mirzəyeva Azərbaycanda prokurorluq və ədliyyə sistemində işləyib, baş ədliyyə müşaviri olub. Lidiya xanım 11 iyun 2015-ci il tarixində dünyasını dəyişib.

Ceyhun Mirzəyevin xalası oğlu ilə yaxın dost olmuş və vaxtilə mərhum sənətkarla şəxsi münasibətlər qurmuş Hollandiyada yaşayan diaspor fəalı, “Xudafərin” jurnalının rəhbəri Elman Mustafazadə hələ bir neçə il öncə sosial şəbəkədə belə bir açıqlama yaymışdı:

 “Ceyhunun ölümündən sonra, o ağır illərdə həyat yoldaşı Bakıdakı evini satıb qızı ilə birlikdə Rusiyanın Pyatiqorsk şəhərində ev alaraq orada yaşayırdılar...

Bir necə il bundan öncə Azərbaycan diasporunun nümayəndə heyətinin tərkibində Şimali Qafqazda olduğum dönəm bu ailəni tapa bilmədim. Dedilər harasa səfərə gediblər. Sonra bir acı xəbər məni çox sarsıtdı...

Ceyhunun həyat yoldaşı rəhmətə gedib, onun gözəl-göyçək nakam qızına isə bir alçaq evlənməyi söz verib və ona öz evini satdırıb. Bir müddət qızla birgə yaşayan oğlan bu zavallını zərərli vərdişlərə  alışdırıb, sonra da atıb gedib...

Bu xəbəri eşidən kimi həmin vilayətdə Azərbaycan diasporunun rəhbərlərindən olan Təhmasib Zeynalova zəng edib qıza sahib çıxmalarını xahiş etdim. Təhmasib bəy dəfələrlə qızla görüşüb, hətta onu müalicə etdirmək istəyib, təəssüflər olsun ki, qız hər bir yardımdan imtina edib”.

Şahanə Rəhimli
Musavat.com

Chosen
0
3
musavat.com

4Sources