EN

“Heydər Əliyev ideologiyası: Güclü dövlət, qüdrətli lider, qalib xalq” » AzadMedia.az


Bakı, 10 may — Azadmedia.az

Bu gün biz Azərbaycan xalqının taleyində misilsiz rolu olan böyük şəxsiyyət, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü dərin ehtiram və qürur hissi ilə qeyd edirik. Hər birimiz üçün bu tarixi gün təkcə xatırlama, anma deyil, həm də milli kimliyimizi, dövlətçiliyimizi və gələcək strategiyamızı bir daha dərk etmək, dahi rəhbərin irsinə sadiqliyimizi nümayiş etdirmək günüdür.

Heydər Əliyev XX əsr Azərbaycan tarixinin ən qüdrətli lideri olaraq xalqımızı zamanın sərt sınaqlarından çıxaran, onu parçalanmaqdan, dövlətçiliyi məhv olmaq təhlükəsindən xilas edən siyasi nəhəng idi. O, düşünülmüş siyasəti, dəmir iradəsi və xalqına sarsılmaz inamı ilə “güclü dövlət – güclü lider” modelini Azərbaycanın reallığına çevirdi. Onun hakimiyyətə hər iki qayıdışı (həm sovet, həm də müstəqillik dövründə) xalqın taleyində dönüş nöqtəsi olmuş, tariximizin yeni mərhələsinin əsasını qoymuşdur.

Azərbaycan tarixinin bütöv bir mərhələsi XX əsrin bənzərsiz dövlət xadimi, dünya şöhrətli siyasətçi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin adı müasir müstəqil Azərbaycanın simvoluna, milli mənafelərə söykənən örnək əməlləri hünər rəmzinə çevrilmiş, həyat və fəaliyyəti doğma xalqa və torpağa hədsiz məhəbbət və sədaqət meyarı olmuşdur.
Dahi rəhbərin “Azərbaycan dünyaya Günəş kimi doğacaq!” müdrik kəlamının özünün nüvəsində məhz 102 il bundan əvvəl Xaliqin Azərbaycan xalqına bəxş etdiyi Heydər Əliyev dühasının, xarizmatik şəxsiyyət və sadə bir insan timsalında əvəzsiz nemətinin, nicat və qurtuluş hikmətinin dayandığı illər ötdükcə daha aydın və vüqarlı görünür.
Bir əsrə bərabər ibrətamiz Lider ömrünü dərindən incələdikcə Azərbaycanda cərəyan etmiş ictimai-siyasi proseslərə yenidən nəzər salınması, onların nəticələrinin dövlətçilik və azərbaycançılıq məfkurəsi üçün tarixi əhəmiyyəti və rolunun gələcək nəsil tərəfindən öyrənilməsinin vacibliyi daha da artır. Azərbaycan naminə müstəsna xidmətləri ilə əbədilik qazanan Heydər Əliyevin mənalı həyat yolu, çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən onilliklərə nəzər salarkən Azərbaycanın Ulu Öndərin fəhmi, əyilməz qətiyyəti, polad iradəsi və zəngin dövlətçilik təcrübəsi sayəsində qazandığı mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, dövlət müstəqilliyi məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır.
Ümumilli lider Heydər Əliyev Azərbaycan xalqına təkcə siyasi müstəqillik deyil, həm də milli dövlətçilik ideologiyası, sosial-iqtisadi inkişaf modeli, hüquqi və dünyəvi dövlət quruculuğu ənənələri bəxş etmişdir. Onun müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan XX əsrin sonunda müstəqilliyini bərpa etdikdən sonra varlığı real təhlükə altında olan bir dövlətdən regionun lider dövlətinə çevrilmişdir. Əldə olunmuş sabitlik, davamlı iqtisadi artım və beynəlxalq nüfuzun yüksəlişi məhz ümummilli liderin təməlini qoyduğu dövlət idarəçiliyi fəlsəfəsinin təzahürüdür.
Ulu öndər Heydər Əliyev hələ Sovet İttifaqı dövründə Azərbaycan SSR-nin rəhbəri kimi fəaliyyət göstərdiyi illərdə respublikamızın hərtərəfli inkişafına xidmət edən genişmiqyaslı və uzaqgörən islahatlar həyata keçirmişdir. Onun rəhbərliyi altında ölkənin sosial-iqtisadi potensialının artırılması, elmi-texniki irəliləyişin təşviq olunması və mədəni quruculuğun dərinləşdirilməsi sahəsində misilsiz işlər görülmüş, bu istiqamətlər üzrə keyfiyyətcə yeni mərhələyə keçid təmin edilmişdir.
XX əsrin sonlarında beynəlxalq münasibətlər sistemində dərin struktur dəyişiklikləri baş verdi və dünya yeni bir geosiyasi düzənə qədəm qoydu. Soyuq müharibənin başa çatması və ideoloji blokların çökməsi nəticəsində yaranan bu yeni dövrdə bir sıra imperiyalar parçalandı, onların tərkibindəki xalqlar müstəqil dövlət quruculuğu istiqamətində hərəkətə keçdilər. Bu prosesin ən mühüm mərhələlərindən biri də Sovet İttifaqının dağılması və bunun fonunda milli azadlıq hərəkatlarının geniş vüsət alması idi. Azərbaycan xalqı da bu tarixi fürsəti dəyərləndirərək uzun illər arzuladığı istiqlaliyyətini reallaşdırmaq üçün mübarizəyə qalxdı. 1988-ci ildən etibarən ölkədə milli özünüdərk, azadlıq idealları və dövlət müstəqilliyi uğrunda mübarizə geniş vüsət aldı. Lakin bu mübarizə asan və maneəsiz olmadı, əksinə, son dərəcə mürəkkəb, faciəli və ağrılı bir mərhələdən keçdi.
1990-cı ilin 20 Yanvar faciəsi bu mübarizənin ən dəhşətli səhifələrindən biri oldu. SSRİ rəhbərliyi tərəfindən Bakıya yeridilən hərbi hissələr yüzlərlə günahsız insanı qətlə yetirdi, xalqın azadlıq arzusu və müstəqillik iradəsi qan içində boğulmağa çalışıldı. Lakin bu hadisə əksinə olaraq Azərbaycan xalqının milli birliyini daha da gücləndirdi və müstəqillik ideyalarına olan inamı artırdı. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü, tarixə qovuşmuş “Dağlıq Qarabağ münaqişəsi”nin alovlanması, bir milyondan artıq soydaşımızın doğma torpaqlarından didərgin düşməsi müstəqillik yolunda ölkəmizin qarşısında ciddi maneələr yaratdı. Üstəlik, bu dövrdə ölkə daxilində baş verən siyasi gərginliklər, hakimiyyət böhranları, silahlı qarşıdurmalar və vətəndaş müharibəsi təhlükəsi Azərbaycanı bir dövlət kimi tam çökmək təhlükəsi ilə üz-üzə qoymuşdu.
1991-ci ildə yenidən bərpa olunan müstəqillik ilk mərhələdə formal xarakter daşıyırdı, çünki ölkədə real siyasi və iqtisadi idarəetmə mexanizmləri iflic vəziyyətinə düşmüşdü. Dövlət institutları zəifləmiş, milli ordu formalaşmamış, siyasi hakimiyyətin legitimliyi isə xalq tərəfindən qəbul olunmurdu. Xarici siyasətdə ardıcıl və aydın xətt mövcud deyildi, ölkə beynəlxalq arenada demək olar ki, təcrid vəziyyətində idi. Belə bir xaos və anarxiya şəraitində Azərbaycanın mövcudluğu sual altına düşmüş, müstəqillik ideyaları reallaşmaq əvəzinə tənəzzülə uğramağa başlamışdı.
Məhz belə bir böhranlı və çıxılmaz şəraitdə Azərbaycan xalqı tarixə mühüm istiqamət verən qərar qəbul edərək ümummilli lider Heydər Əliyevi siyasi rəhbərliyə dəvət etdi. Xalqın təkidli tələbi və çağırışı ilə 1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya qayıdan ulu öndər Heydər Əliyev ölkə rəhbərliyini üzərinə götürərək dövlətçiliyin xilaskarı rolunu oynadı. Onun siyasi uzaqgörənliyi, idarəçilik təcrübəsi və qətiyyətli qərarları sayəsində Azərbaycanda vətəndaş qarşıdurmalarının qarşısı alındı, konstitusion quruluş bərpa edildi, dövlət institutlarının fəaliyyəti canlandırıldı və sabitlik təmin olundu. Ən mühüm məsələlərdən biri də odur ki, Heydər Əliyev ölkədə milli həmrəyliyin və hüquqi dövlət quruculuğunun əsaslarını formalaşdıraraq, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildən sonra Azərbaycan Respublikasının Prezidenti kimi həyata keçirdiyi siyasət Azərbaycanın müstəqil dövlət kimi güclənməsinin əsasını təşkil etmişdir. Onun rəhbərliyi ilə Konstitusiyanın qəbul olunması, ordu quruculuğu, neft strategiyasının hazırlanması və həyata keçirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti prinsiplərinin formalaşdırılması, beynəlxalq münasibətlərin çoxtərəfli əsasda qurulması və regionun sabitlik adasına çevrilməsi müstəqil dövlətçiliyimizin təməl sütunlarını təşkil etmişdir. Ulu Öndərin siyasi təfəkkürü milli dövlətçiliyin əsasını təşkil etmişdir. Onun baxışında müstəqil dövlət ideyası milli kimliklə, xalqın iradəsi ilə və təhlükəsiz sabah anlayışı ilə üzvi surətdə bağlı idi.
Ulu Öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı təkcə siyasi dəyişiklik deyildi, bu, milli ruhun dirçəlişi, dövlətçiliyin real əsaslar üzərində qurulması və xalqın gələcəyə olan inamının bərpası idi. Məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Konstitusiyasında milli dövlətçilik ideyası öz hüquqi əsasını tapdı. Milli dəyərlərin qorunması, vətənpərvərlik ruhunun yüksəldilməsi və tarixi yaddaşın bərpası dövlət siyasətinin mühüm istiqamətinə çevrildi. Heydər Əliyev öz xilaskarlıq missiyasını böyük quruculuq fəaliyyəti ilə tamamladı. Onun xalqın birliyinə və həmrəyliyinə əsaslanan dövlətçilik modeli bu gün də müasir Azərbaycanın inkişafının əsas dayağı olaraq qalır. Ümummilli liderin “Dövlət müstəqilliyi bizim ən böyük sərvətimizdir” fikri bu gün hər bir azərbaycanlının inam və qürur mənbəyidir.
Ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi onun həyatının bütün mərhələlərində özünü göstərmişdir. Bu müdrikliyin ən bariz təzahürlərindən biri isə Azərbaycan dövlətçiliyinin davamlılığını təmin edəcək liderin – Prezident cənab İlham Əliyevin siyasi varisliyini vaxtında və strateji uzaqgörənliklə müəyyən etməsi oldu. Ulu öndər çox yaxşı bilirdi ki, dövlətin gələcəyi, milli maraqların qorunması və xalqın rifahı yalnız davamlı, ardıcıl və prinsipial siyasi kursla mümkün ola bilər. Məhz bu baxış bucağından Heydər Əliyev özündən sonra Azərbaycan xalqını etibarlı əllərə əmanət etdi. O, İlham Əliyevin intellektinə, siyasi hazırlığına, beynəlxalq təcrübəsinə və vətənpərvərliyinə dərindən bələd idi və əmin idi ki, bu lider onun ideyalarını yaşadacaq, onları yeni dövrün tələblərinə uyğun inkişaf etdirəcək. 2003-cü ildən etibarən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ulu öndərin siyasi kursu uğurla davam etdirilir. Bu kursun əsas mahiyyəti xalqın maraqlarına söykənən müstəqil daxili və xarici siyasət, güclü dövlət və modern iqtisadiyyatın qurulması, xalq-iqtidar birliyinin qorunması və milli maraqların hər şeydən üstün tutulmasıdır. Son 22 ildə Azərbaycan regionun aparıcı siyasi güclərindən birinə çevrilmiş, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz iqtisadi baxımdan dinamik inkişaf etmiş, iri infrastruktur layihələri həyata keçirilmiş, sosial rifah yüksəlmiş və hərbi güc baxımından regionun lider dövlətinə çevrilmişdir. Eyni zamanda, diplomatik sahədə balanslaşdırılmış və milli maraqlara əsaslanan siyasət yürüdülmüş, Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmışdır. Azərbaycan xalqı bu gün də ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətini qoruyur və bu ideyaların Prezident İlham Əliyev tərəfindən yeni şəraitdə həyata keçirilməsini böyük ruh yüksəkliyi ilə dəstəkləyir. Müasir dövrün çağırışlarına cavab verən, milli maraqlara əsaslanan və xalqın rifahına xidmət edən bu siyasi kursun nəticəsində Azərbaycan 2020-ci ildə tarixinin ən şanlı səhifəsini – Vətən müharibəsində əldə olunan Zəfəri yazdı. Məhz bu uzaqgörən liderlik irsi, illərlə təməli qoyulan güclü dövlət idarəçiliyi, milli ruh, xalq-iqtidar birliyi və möhkəm ordu quruculuğu nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi. 2023-cü ildə Xankəndi də daxil olmaqla ölkənin tam suverenliyinin bərpası ulu öndərin ideyalarının praktik nəticəsidir. Bu Zəfərin təməlində Heydər Əliyev siyasəti – milli maraqlara söykənən, müstəqilliyi əbədi və dönməz edən uzaqgörən strateji yanaşma dayanır. Azərbaycanın bu tarixi yüksəlişi təsadüf deyil, düşünülmüş, ardıcıl və xalqın iradəsinə əsaslanan milli liderliyin təntənəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi yol daha da möhkəmlənir, yeni hədəflər müəyyən olunur və ölkəmiz qarşıdakı dövrlərdə daha böyük uğurlara imza atmağa hazır vəziyyətdədir. Bu gün Azərbaycan təkcə regionda deyil, qlobal miqyasda söz sahibi olan bir dövlətdir və bu uğurların kökündə ulu öndərin qoyduğu möhkəm təməl dayanır.
Azərbaycanın heyrətamiz uğurları bir daha təsdiqləyir ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsinə, dövlətçilik ənənələrinə və Azərbaycan xalqının iradəsinə söykənən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlətimizi daha da inkişaf etdirərək Ümummilli Liderin dövlətçiliklə bağlı arzu və istəklərinin həyata keçirilməsini təmin etməyə nail olmuşdur.
Möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə son onilliklərdə əldə edilmiş siyasi, iqtisadi və diplomatik nailiyyətlər, ölkənin müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirmiş, regionda ən güclü orduya sahib olmaq imkanı qazandırmışdır. İndi Dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinici vitse-prezident Mehriban xanım Əliyevanın gündəlik diqqət və qayğısı nəticəsində heyrətamiz yaradıcılıqla işğaldan azad olunmuş ərazilərdə müqayisə olunmaz tikinti-quruculuq işlərinin vüsət alması, yeni müasir yaşayış məntəqələrinin salınması və infrastrukturun yaradılması, ən əsası bu torpaqlara qayıtmaq ümidilə yaşayan vətəndaşlarımızın otuz illik həsrətinə son qoyulması məqsədilə göstərilən əvəzsiz xidmətlər qədirbilən xalqımız tərəfindən yüksək qiymətləndirilir və təqdir olunur.
Azərbaycanın dövlətçilik salnaməsində silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.
Ulu Öndər Heydər Əliyev təkcə bir dövrün deyil, zamanların lideridir. Onun qoyduğu təməl üzərində yüksələn Azərbaycan bu gün güclü, qüdrətli və qalib dövlətdir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər də onun əsasını qoyduğu dövlətçilik ənənələrinin, güclü liderlik məktəbinin və milli ruhun nəticəsidir.

Bu gün biz böyük iftixar hissi ilə deyə bilərik ki, Heydər Əliyevin siyasi xətti yaşayır və yaşayacaq. Onun ideyaları bizim üçün yol göstərən mayakdır. Biz bu müdrik yolun davamçıları olaraq, müstəqil və qüdrətli Azərbaycanın gələcəyinə inamla addımlayırıq.

Sonda bir daha böyük ehtiramla Ulu Öndərimizin əziz xatirəsini yad edir, xalqımıza və dövlətimizə əbədi rifah və sabitlik arzulayırıq.

Yaşasın Heydər Əliyev irsi!
Yaşasın Müstəqil Azərbaycan!

Babək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini
Emin Məmmədxanlı
Chosen
0
2
azadmedia.az

10Sources