EN

Uşaqlıq dostlarının qanlı davası- Biri digərinin toyuna getməyibmiş...  

Uşaqlıq dostlarının mübahisəsi qanla bitib. Buna səbəb dostlardan birinin digərinin toyuna getməməsinə görə yaranmış inciklik olub.

Musavat.com xəbər verir ki, uşaqlıq dostları olan Bəxtiyarla Turqay arasında mübahisə baş verib. Onlar Sabunçu qəsəbəsində uşaqlıqdan bir yerdə böyüyüblər. Məktəbə də birlikdə gediblər. Münasibətləri də çox yaxşı olub.

Onların münasibətlərinin pozulması adi bir səbəbə görə olub. Belə ki, Turqayın toyu olanda Bəxtiyar dost kimi onun məclisində iştirak edib. Bir müddət sonra Bəxtiyarın toyu olub. Turqay dəvət olunsa da Bəxtiyarın toyunda iştirak etməyib. Buna görə də Bəxtiyar Turqaydan inciyib və aralarında soyuqluq yaranıb.

Turqayın qardaşı dostları barışdırmaq istəsə də buna nail ola bilməyib. Qanlı hadisədən bir gün əvvəl Bəxtiyar öz dostu ilə kafedə əyləşib. Həmin kafedə Turqay da olub. Bəxtiyarın yanında ortaq dostları Elvin olub. Masadan qalxan zaman Turqay Elvini çağıraraq niyə Bəxtiyarla onun haqqında danışdığını soruşub. Mübahisə düşsə də onları sakitləşdiriblər.

Sonra Bəxtiyar və Turqay mesajlaşaraq görüş təyin ediblər. Bəxtiyar görüşə gedəndə cibində bıçaq da götürüb. Çatan kimi də Turqaya bir zərbə vurub.

Turqay yaralandıqdan sonra tanışı olan bir xanımın evinə gedib. Polis bilməsin deyə həkimə getməyib. Bilib ki, həkimə getsə dostu Bəxtiyar tutulacaq. Lakin vəziyyətinin ağırlaşacağından ehtiyat etdiyi üçün həkimə müraciət edib. Bundan sonra onun bıçaqlanmasının üstü açılıb.

Turqay Bəxtiyarın toyuna gedə bilməməsinin səbəbini izah edərkən deyib ki, həmin vaxt işlə bağlı Qarabağda olub. Turqay Bəxtiyarın ondan inciməsini haqlı hesab edib.

İstintaq zamanı dostlar barışıb, Turqay Bəxtiyardan şikayətçi olmayıb.

Məhkəmə Bəxtiyarın ilk dəfə cinayət əməli törətməsini, iki azyaşlı uşağı olmasını, zərərçəkmişlə barışıq əldə edilməsini nəzərə alıb.

Hökmə əsasən Bəxtiyar barəsində şərti cəza təyin edilib.

İ.Muradov
Musavat.com

Chosen
0
5
musavat.com

6Sources