EN

AFFA “Araz-Saatlı” və “Füzuli”yə niyə lisenziya verməyib? – klub rəsmilərindən izah

Srağagün AFFA-nın Lisenziyalaşdırma Komissiyasının iclası keçirildi.

Burda verilən qərarlarla sizi tanış etmişik. Qurumun komandaların müvafiq çempionatlarda çıxış etməsinə görə verdiyi lisensiyalarla işimiz yox. Çüki qərarlarda qeyri-adi nəyəsə rast gəlmədik. Diqqətçəkən məqam isə “Araz-Saatlı” və “Füzuli”yə 1-ci liqa üçün lisenziya ala bilməməsidi.

Görəsən, bölgə təmsilçiləri hansı tələbləri yerinə yetirə bilməyib?

Bu sualla hər iki klubun rəsmilərinə müraciət etdik.

Ədalət Abdullayev (“Araz-Saatlı”nın prezidenti):
“1-ci liqaya yüksəlmək şanslarımızın olduğunu düşünürdük. Bu üzdən meyarları yerinə yetirməyə başladıq. Lakin mövsüm ərzində uğursuz nəticələrlə üzləşdiyimizə görə getdikcə şansımız azaldı. Belədə qalan tələblərin yerinə yetirilməsi üçün çalışmağı lazım bilmədik. Yalnız maliyyə şərtləriylə bağlı meyar qalmışdı. 1-ci liqaya yüksəlmək şansımız olsaydı, həmin meyarı da qarşılamağa çalışacaqdıq. Sadəcə, “futbol ili” ərzində yaşanan maliyyə çətinlikləri, həmin meyarın yerinə yetirilməsi üçün lazım olan maddi vəsait və s. kimi məsələlərə görə dayandıq”.

Rəşad Bakuvi (“Füzuli”nin meneceri):
“Lisenziyalaşdırmayla bağlı ötən ilin oktybarında müraciət etmişdik. Xatırlayırsızsa, ötən mövsüm 1-ci liqa üçün lisenziya almışdıq. Lakin bu dəfə qeydə alınan uğursuz nəticələr, yaşadığımız maddi sıxıntılar üzündən hansısa meyarları yerinə yetirməyi lazım bilmədik. Belə deyim: geri çəkildik. Çünki əsas məqsəd 2-ci liqada qalmaq oldu. Artıq 1-ci liqa üçün tələbləri yerinə yetirməyə ehtiyac qalmamışdı. Bununla belə, danışıq apardığımız yerlər var. Çempionatdakı yerimizi qorumağımızı gözləyirlər. 2-ci liqada qala bilsək, növbəti mövsüm çox iddialı “Füzuli” görəcəyik”.

KƏNAN BAHADIR

1Sources