Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan və Hindistana çağırış edib. Dövlət başçısı bu barədə İraqın Baş naziri Məhəmməd Şiə əl-Sudani ilə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, “odun üzərinə benzin tökmək”, durumun daha da mürəkkəbləşməsində maraqlı olanlar var:
“Buna baxmayaraq, biz gərginliyin artmasının qarşısını almaq üçün diplomatik kanalların işə düşməsini istəyirik”.
Ərdoğan, həmçinin Pakistanın Baş naziri Şahbaz Şəriflə mühüm telefon danışığı apardığını xatırladıb.
Məlum olduğu kimi, tərəflər arasında gərginlik bir müddət davam edir. Bu, dünyada nüvə eskalasiyası riskini yenidən gündəmə gətirib.
Azərbaycan və Türkiyənin davam edən müharibə ilə bağlı mövqeyi eynidir. Həm rəsmi Bakı, həm də Ankara İslam Əməkdaşlıq Təşkilatı (İƏT) daxilində İslamabatın müttəfiqidir. Bu mənada Azərbaycan və Türkiyənin Pakistanı dəstəkləməsi təəccüblü olmamalıdır.
Həm Azərbaycan, həm də Türkiyə gərginliyin azalmasında maraqlıdır. Çünki toqquşmanın genişmiqyaslı müharibəyə çevrilməsi qlobal mənfi təsirlər vəd edir.
Gərginliyin azaldılması həm Azərbaycan, həm də Türkiyə üçün strateji əhəmiyyətli məsələdir. Çünki davam edən döyüşlər həm də İƏT-i zəiflədə bilər. Ola bilsin, Ərdoğanın nəzərdə tutduğu “odun üzərinə benzin tökmək” istəyənlərin məqsədi də elə budurş Çünki İƏT son zamanlar çox ciddi gücə çevrilib.
Böyük ehtimalla Bakı və Ankara gərginliyin azaldılması üçün bütün diplomatik yollardan istifadə edəcək. Amma, yəqin ki, bunu istəməyən bəzi imperialist güclər mümkün vasitələrlə “suların durulmasına” çıxacaq, Hindistandan bütün İslam dünyasına qarşı istifadə etməyə çalışacaqlar. Yəni davam edən müharibə təkcə Pakistan yox, bütünlüklə İslam aləmi üçün taleyüklü məsələdir.
Ümid edək ki, gərginlik Türkiyənin proseslərə hərbi müdaxilə etmək mərhələsinə qədər gəlib çıxmayacaq.
Kənan Novruzov