Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yol təhlükəsizliyi ilə bağlı təcili tədbirlər görmək üçün dünya üzrə yüzlərlə təşkilat və hökumətə qoşulur. Yol Təhlükəsizliyi üzrə QHT-lərin Qlobal Alyansı kampaniyaya dəstək vermək üçün 100 ölkədən 400-dən çox üzv təşkilatı səfərbər edir.
Moderator.az xəbər verir ki, bu barədə ÜST məlumat yayıb.
"Gəzinti və velosiped sürmək sağlamlığa yaxşı təsir edir, hər addım və hər gediş tıxacın, havanın çirklənməsinin və xəstəliklərin qarşısını almağa kömək edir, lakin biz gəzinti və velosiped sürmək üçün təhlükəsizliyi təmin etməliyik", - ÜST-ün Baş Direktoru Tedros Adhanom Qebreyesus bildirib.
Məlumata əsasən, qlobal piyada ölümləri 2011-2021-ci illər arasında bir qədər azalsa da, velosipedçi ölümləri artmaqda davam edir. Statistikaya əsasən regional tendensiyalar artan təhlükəni göstərir. Belə ki, statistikaya əsasən, ÜST-ün Cənub-Şərqi Asiya regionunda piyada ölümləri 42%, Avropa regionunda velosiped sürənlərin ölümləri 50%, Qərbi Sakit Okean Bölgəsində velosipedçi ölümləri isə 88% artıb.
Qeyd edək ki, hər il təxminən 1,2 milyon insan yollarda həyatını itirir, onların dörddə birindən çoxu piyada və ya velosiped sürənlərdir. Bununla belə, dünya miqyasında yolların yalnız 0,2%-i velosiped zolaqları ilə təchiz olunub və bir çox icmalarda səkilər və ya təhlükəsiz piyada keçidləri yoxdur./teleqraf