EN

Kameralı "AirPods"ları nə vaxt ala biləcəyik?

"Apple"ın kameralı "AirPods" və "Apple Watch" modellərinin təqdimat tarixi məlum oldu.

Valyuta.az xəbər verir ki, Mark Qurman bildirib ki, şirkət bu məhsulları 2027-ci ildə təqdim etməyi planlaşdırır.

Qurmanın paylaşdığı məlumata görə, hazırda "Apple" daxilində “Nevis” kod adlı layihə çərçivəsində bu cihazlarda istifadə olunacaq çip üzərində iş aparılır. Əgər çip vaxtında hazır olarsa, 2027-ci ildə həm kameralı "AirPods", həm də "Apple Watch" modelləri bazara çıxarılacaq.

Bu kameraların istifadəsi isə klassik foto və video çəkimi məqsədi daşımır. "AirPods" modellərinə əlavə ediləcək qırmızıötesi kameralar sayəsində "Vision Pro" və bu kimi gələcək cihazlarla daha inkişaf etmiş məkan səsi təcrübəsi təmin ediləcək. Bundan əlavə, bu kameralar vasitəsilə cihazların əl hərəkətləri ilə idarə olunması da mümkün olacaq. Həmçinin, "Apple"ın süni intellekt texnologiyalarını inkişaf etdirmək üçün kameralar vasitəsilə məlumat toplamaq istədiyi də qeyd olunur.

"Apple Watch" modelində isə kamera birbaşa ekran sahəsinə yerləşdiriləcək. Bu kamera "Apple"ın süni intellekt xüsusiyyəti olan "Visual Intelligence" texnologiyasından istifadə etməyə imkan verəcək. İstifadəçilər bu texnologiya vasitəsilə ətraf mühit haqqında real vaxt rejimində məlumat ala biləcəklər.

Beləliklə, nə "AirPods", nə də "Apple Watch" modellərindəki kameralar ənənəvi foto və ya video çəkimi üçün deyil, daha ağıllı və funksional istifadə üçün nəzərdə tutulur.

Sərvanə Rəmixanova

Chosen
0
valyuta.az

1Sources