EN

"Putin NATO-ya hücum edəcəkmi: Kreml üçün vaxt və imkanlar" - "The Economist"

 
"Əgər Kreml siyasi cəhətdən müharibə iştahasını və hərbi istehsal tempini saxlayarsa, Ukrayna müharibəsi bitdikdən cəmi bir il sonra yeni hərbi münaqişəyə hazır ola bilər..."
 
Qərb kəşfiyyat orqanlarının demək olar ki, hamısı iddia edir ki, Putinin yenidən silahlanması və hücuma keçməsi üçün kifayət qədər vaxtı var.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Economist” nəşri yazıb.
 
Nəşr yazır ki, Rusiya ildə 1400-dən çox "İsgəndər" ballistik raketi və 500 "X-101" qanadlı raketi istehsal edir. Qeyd edilir ki, Rusiya diktatoru Vladimir Putin bununla ölkəsinə imperiya statusunu qaytarmaq istəyir.
 
Məqalədə qeyd olunur ki, Kreml hökmdarının ritorikası təkcə Ukraynanın deyil, həm də Finlandiya və Baltikyanı ölkələrin suverenliyini sual altına qoyur, müharibə isə onun üçün hakimiyyəti və nəzarəti əlində saxlamaq, cəmiyyəti səfərbər etmək vasitəsidir.
 
Nəşr qeyd edir ki, hazırda Rusiya NATO ilə genişmiqyaslı qarşıdurmaya hələ hazır deyil, lakin cəmi 6 ay ərzində Baltikyanı ölkələrdən birinə hücum etməyə hazır ola bilər, 2 ildən sonra isə bir neçə ölkəyə qarşı məhdud müharibəyə başlaya bilər.
 
Jurnalistlər vurğulayır ki, Qərb kəşfiyyat xidmətləri Rusiyanın buna nə qədər vaxt sərf edəcəyini ciddi şəkildə araşdırıb. Onların nəticələri isə xeyli fərqlənir. ABŞ bildirir ki, Rusiya ordusunu "növbəti onillik ərzində" bərpa edə bilər. Norveç kəşfiyyatına görə, bu "ən tez" 5-10 il çəkəcək.
 
Ukrayna 5-7 il, Almaniya 5-8 il proqnozlaşdırır. Ən az nikbin mövqedə Estoniya xüsusi xidmət orqanlarıdır: onlar müharibənin gedişindən, Rusiya iqtisadiyyatından və sanksiyaların davamından asılı olaraq Rusiyanın yeni hərbi birləşmələr yaratması üçün 3-5 il lazım olduğunu düşünür.
 
Nəşr yazır ki, insan resursları da ciddi məhdudiyyət yaradır. "Qısamüddətli dövrdə Rusiya ayda təxminən 30 min nəfər cəlb edir, lakin yaxın gələcəkdə ölkə əhali sayının azalması və qocalması problemi ilə üzləşəcək", - nəşr vurğulayır.
 
Karnegi Fondunun təhlilçisi Maykl Kofman qeyd edir: "Maddi-texniki bazanın bərpası bu qüvvələri effektiv şəkildə istifadə etmək bacarığından daha çox sürətli və asan olacaq".
 
Rusiya Silahlı Qüvvələri, məsələn, pilotsuz uçuş aparatları ilə hədəfləri tapmaq və vurmaq qabiliyyətində xeyli irəliləsə də, bu imkanları geniş miqyasda tətbiq etməkdə çətinlik çəkir. Bu, əsasən ordu, zabit heyəti və qərargahın hazırlıq səviyyəsi ilə məhdudlaşır.
 
Rusiya qoşunlarının keyfiyyəti ağır itkilər nəticəsində pisləşib. Qərbdə hesab edirlər ki, 2024-cü ilin sonlarından bəri Rusiya hərbi hospital­ları tam gücü ilə işləyir.
 
Məqalədə qeyd olunur ki, Rusiya, çox güman ki, NATO-nun 5-ci maddəsini işə sala biləcək hərbi hərəkətlərdən çəkinəcək. Amma əgər o, ABŞ prezidenti Donald Trampın kiçik pozuntulara göz yuma biləcəyini düşünərsə, onda Kreml daha cəsarətli ola bilər.
 
Danimarka kəşfiyyatı iddia edir ki,  "yaxın illərdə Rusiya tədricən NATO-ya bütöv halda və ya ayrı-ayrı üzv ölkələrə təzyiq və ya meydan oxumaq üçün daha çox hərbi gücdən istifadə etməyə meylli olacaq".
 
Rusiya ilə NATO arasında müharibə
 
Niderland kəşfiyyatı NATO üçün Rusiyadan da böyük təhlükə olduğunu bəyan edib. Niderland hərbi kəşfiyyatının rəhbəri, vitse-admiral Piter Risinckin sözlərinə görə, Putin yeni bir müharibəyə dərhal başlaya bilməz.
 
Amma əgər Kreml siyasi cəhətdən müharibə iştahasını və hərbi istehsal tempini saxlayarsa, Ukrayna müharibəsi bitdikdən cəmi bir il sonra yeni hərbi münaqişəyə hazır ola bilər.
Chosen
0
moderator.az

1Sources